Bakıda tibbi maskaların birinin üzərində aparılan kiçik təcrübə geniş müzakirələrə səbəb olub. Tanınmış aparıcı Firuzə Cəlilova sosial şəbəkədə maskadan nanoqurd çıxması barədə video paylaşıb.
Aparıcı isti su olan fincanın üzərinə maskanı qoyub və sonra kiçik qurdların peyda olduğunu bildirib.
Qeyd edək ki, oxşar videolar sosial şəbəkələrin Qazaxıstan seqmentində də yayılmışdı. Bundan sonra yerli laboratoriyalar və həkimlər araşdırma aparmağa başlamışdılar.
Qeyd etdiyimiz kimi, ölkəmizdə də bu təcrübə sınaqdan keçirilib. İddia edilir ki, bu hal daha çox yerli istehsal maskalarda müşahidə olunur.
“Bakı Tekstil Fabriki” MMC - Səkinə Babayeva: “Maskalar qablaşdırılmamışdan qabaq ultrabənövşəyi şüalardan keçir və tərkibindəki bakteriyaların ölməsini təmin edirik”
Məsələ ilə bağlı fikir bildirən “Bakı Tekstil Fabriki” MMC-nin rəhbəri Səkinə Babayeva dedi ki, söhbət yayılan gün istehsal edilən maskalar 23 dəfə test edilib: “Bizim istehsal etdiyimiz maskalarda nanoqurdlar yoxdur. Bu, tam mümkünsüzdür. Maskalar qablaşdırılmamışdan qabaq ultrabənövşəyi şüalardan keçir və tərkibindəki bakteriyaların ölməsini təmin edirik. Maskalar testdən keçirilir. Biz istehsal etdiyimiz məhsulumuza zəmanət veririk. Biz Türkiyədən məhsulları alırıq və məhsulumuza gigiyenik sertifikat verilir. Testlər edilib və belə bir şey aşkarlanmayıb”.
Adil Qeybulla: “Yayılan görüntülər təxribat xarakterlidir, sosial şəbəkələrdə mənasız, yalan, insanları çaşdıran...”
Professor, tibbi ekspert Adil Qeybulla bildirdi ki, yayılan görüntülər təxribat xarakterlidir: “Sosial şəbəkələrdə mənasız, yalan, insanları çaşdıran fikirlər yayılır. Nanotexnologiyaya aid məsələdir, biologiya ilə əlaqəli deyil. Nanotexnologiyanın buna nə aidiyyəti var? Nanoqurd nə deməkdir? O dərəcədə səfeh informasiyalar gəzir ki... Ola bilər maskada molekullar olsun. Bunlar, həmişəki kimi, insanlarda çaşqınlıq yaratmaq üçün yayılan məlumatlardır”.
Günel CƏLİLOVA