Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşməyə səbəb əsasən, orta hissədə, 2-ci quyunun qarşısında yeraltı suların uzun müddət ərzində toplanması olub.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaat" Layihə İnstitutunun Geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev bildirib.
Onun sözlərinə görə, drenaj quyularının hazır olduğuna baxmayaraq, uzunluğu 50 metr olan üfüqi drenaj borularının inşası tam başa çatdırılmayıb:
"Yeraltı suların toplanması mənbələrindən biri kimi yamacın yuxarı hissəsində 2-ci sahə deyilən yaşayış hissəsində təqribən üç minə qədər fərdi yaşayış evinin kanalizasiya xəttinə qoşulmaması da ehtimal olunur.
Layihə üzrə işlər tam bitənədək sahədə lokal uçqun hadisələri baş verə bilər".
S.Vəliyev deyib ki, Badamdarda üçüncü massivdən yuxarıdakı yaşayış ərazisində 3000-dən çox ev var. Onun sözlərinə görə, həmin evlərin kanalizasiya sistemi tam formalaşmayıb: "Burada əhali irihəcmli şambolardan istifadə edir. Ərazi geoloji cəhətdən çatlı əhəng daşlarıdır. Şambolarda olan sular yeraltı suların qidalanmasına səbəb olur.
Yeraltı suların əmələ gəlməsi yamacda basqıların formalaşmasına və sürüşməsinə səbəb olur. Hazırda ərazidə quraşdırılan drenaj quyuları nasosla işləmir və öz axımı ilə həyata keçirilir. Drenaj quyularındakı sular aşağı hissədə drenaj sisteminə axıdılır".