Son günlər Masallı Rayon Mərkəzi Xəstəxanasında böyük bir qaynarlıq yaşanır. Bu da səbəbsiz deyil.
Əhali növbə gözləməklə sağlamlıq ocağına gəlir, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun qaydada COVID-19 infeksiyasına qarşı peyvənd olunur. Rayon sakinlərinin vaxtında vaksinasiya olunması üçün sağlamlıq ocağında, təcrübəli həkimlər başda olmaqla, bütün zəruri tədbirlər görülüb.
Sıravi vətəndaşlarla birlikdə rayonun vəzifəli şəxsləri də vaksinasiya prosesində fəaldırlar. Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Adəm Məhərrəmov Masallı Mərkəzi Xəstəxanasında bütün müayinələrdən keçəndən sonra koronavirus pandemiyasına qarşı peyvənd olundu.
Bəli, yalnız dövlətin qoyduğu qaydalara əməl etməklə, vaksinasiya prosesindən keçməklə “taclı düşmənə” qalib gələ bilərik. Odur ki, əvvəlki sağlam həyatımıza qayıtmaq naminə hər bir vətəndaş maska taxmalı, məsafə saxlamalı, gigiyenik qaydaları gözləməli və ən əsası, vaxtında peyvənd olunmalıdır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü