Siyəzən rayonundan olan onlarla Qarabağ qazisi iş tapa bilmir. Qazilər bildirirlər ki, onlar işləmək üçün hara müraciət etsələr də, bir faydası olmur.
Belə ki ki, İcra Hakimiyyəti məşğulluq mərkəzinə göndərir, məşğulluq mərkəzi isə “Dost-iş” MMC-yə. Onlar da iş yerimiz yoxdur deyib, yenidən İcra Hakimiyyətinə istiqamətləndirirlər: “Siyəzəndə elə qazi var ki, bu gəl-geti dəfələrlə yaşayıb. Amma 3 aydan çoxdur ki, iş tapmaq qismət olmur. Qazilər deyirlər ki, artıq qapı-qapı gəzib dolaşmaqdan yorulmuşuq. Məhz elə buna görə onların biri ötən ay İcra Hakimiyyətinin qarşısında damarlarını kəsərək intihara cəhd edib. Xoşbəxtlikdən həmin qazinin həyatı qurtarıldı”.
Qazilər bildirirlər ki, onlar ailələrini dolandırmaq üçün işləmək istəyirlər. Lakin aidiyyəti qurumlar bu məsələni ciddiyə almırlar.
Onların sözlərinə görə, icra başçısı qəbul zamanı bildirib ki, biz işə düzəldən struktur deyilik. Ona görə də ürəyiniz istəyən təşkilata və quruma müraciət edə bilərsiniz.
Qazilər onu da vurğulayırlar ki, iş üçün məşğulluq mərkəzinə müraciət edən qazilərə isə rayonda vakant iş yerlərinin olmadığı bildirilir. Müharibə iştirakçılarının sözlərinə görə, onlar heç döyüşdə belə əziyyət çəkməyiblər.
Siyəzən Rayon İcra Hakimiyyəti: “Qarabağ müharibəsi iştirakçılarına xüsusi diqqət göstərilir, yaralı qazilər dəfələrlə ziyarət edilib”
Siyəzən Rayon İcra Hakimiyyətindən isə bildirdilər ki, Qarabağ müharibəsi iştirakçılarına xüsusi diqqət göstərilir, yaralı qazilər dəfələrlə ziyarət edilib: “Müxtəlif problemləri olan qaziləri qəbul edir, problemlərini dinləyir və qurumun imkanları daxilində onlardan köməyimizi əsirgəmirik”.
Günel CƏLİLOVA