“Respublika Narkoloji Mərkəzində hazırda 33 min 788 şəxs qeydiyyatdadır”. Bunu Mərkəzin şöbə müdiri Pərvin Məmmədov media nümayəndələrinə açıqlamasında deyib.
O, qeydiyyatda olanların sayını ötən ilin göstəriciləri ilə müqayisə edib: “Ötən il bu rəqəm 32 min 921 olub. Amma bu artımı respublikada narkotik maddə istifadəçilərinin sayının artması kimi qəbul etmək də düzgün olmaz”.
Qeyd edək ki, ötən illə müqayisədə narkortik istifadəçilərinin sayı artıb. Ekspertlər hesab edirlər ki, qeydiyyatda olmayan narkotik istifadəçilərinin də sayı hesablansa, rəqəm daha da yüksək olar.
“Narkotik maddələrdən istifadə qaydalarının asanlaşdırılması insanların “ağ ölüm”ə arzuedilməz marağını artırıb”
Narkomaniya üzrə ekspert Emil Maqalov bildirdi ki, narkotik maddələrdən istifadə qaydalarının asanlaşdırılması insanların “ağ ölüm”ə arzuedilməz marağını artırıb: “Artıq 7-8 ildir ki, narkotik maddələrin əvvəlki bişirmə, hazırlanma və çəkmə qaydaları narkobaronlar tərəfindən asanlaşdırılıb. Əslində, bu barədə geniş məlumatın işıqlandırılması doğru olmasa da, sözügedən fakt narkotik maddə istifadəçilərinin sayının artmasına səbəb olub. Bununla yanaşı, pandemiya, müharibə şəraiti, işsizlik və psixoloji təsirlər narkotik maddələrdən istifadəyə öz təsirini göstərib”.
Həmsöhbətimiz onu da vurğuladı ki, qeydiyyata düşməyən narkotik maddə istifadəçilərinin sayı daha çoxdur. Qeydiyyata düşməyən narkotik istifadəçilərinin sayı artmaqda davam edir. Göstərilən statistik rəqəmlər 5-ə vurulmalıdır: “Əksər valideynin övladlarının narkotik vasitədən istifadə etdiyini gizlətməsi və qeydiyyata salmaması narkomaniya ilə bağlı statistikaya təsirsiz ötüşmür. Lakin narkotik istifadəçisinin qeydiyyata salınması heç də ayıb bir iş deyil. Eyni zamanda, narkoman olmaq yox, narkoman olaraq qalmaq ayıbdır”.
Günel CƏLİLOVA