Masallının igid oğlu Famil Habil oğlu Əlizadə Vətən müharibəsi başlayanda ilk gündən Qarabağın azad edilməsi uğrunda ölüm-dirim savaşınsa qatılaraq qəhrəmancasına şəhid olub. Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin yetirməsi olan Famil yaxşı idmançı idi. İdman həyatında dəfələrlə rayon, zona yarışlarında qələbə qazanmış və mükafatlara layiq görülmüşdü. Vətən müharibəsində isə göstərdiyi şücaət görə “Vətən uğrunda” medalını alıb.
Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi şəhidlik zirvəsinə yüksələn Famil Əlizadənin ailəsini ziyarət edib. Ziyarət zamanı əsgər Əlizadə Famil Habil oğlunun keçdiyi şərəfli döyüş yolundan danışılıb, ailənin qayğıları, sosial problemləri öyrənilib və müəyyən köməklik göstərilib. Söhbət zamanı həm də bildirilib ki, Vətən uğrunda şəhid olanların xatirəsi xalqımıza əzizdir, onların ailələri isə daim ölkə rəhbərinin diqqət mərkəzindədir.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını bildirib, belə bir rəşadətli ölkənin vətəndaşı olmaqla fəxr etdiklərini deyiblər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü