Məlum olduğu kimi, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumatda qeyd olunur ki, bu məqsədlə sözügedən ərazilərdə icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələrində hazırlıq işləri davam etdirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı hazırlıq işlərinin aparılması ilə əlaqədar İşçi Qrupunun üzvü, Yevlax Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılovun sözlərinə görə, səhiyyənin maliyyə imkanlarının artırılmasına xidmət edən icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı tibb müəssisələrində təkmilləşdirilmə işləri aparılır: “Beynəlxalq qaydalara uyğun olaraq, ambulator-poliklinik xidmətlər poliklinikalarda göstəriləcək. Bu məqsədlə xəstəxanaların stasionar şöbələrində ambulator-poliklinik xidmət göstərən heyətin poliklinikalara köçürülməsi işləri icra olunur. Bu, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq”.
Qeyd olunan ərazilərdəki tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması, kompyuter avadanlıqları ilə təchizatı və internetə çıxışın təmin olunması üzrə işlər aparılır.
Onu da bildirək ki, icbari tibbi sığortanın məlumat bazası, habelə müvafiq proqram təminatı yaradılır. Qəbul və qeydiyyat şöbələrinin işçilərinə tibb müəssisələrinin tam idarə edilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə təlimlər keçirilir. Proqram təminatı xəstəxanalara müraciət edən vətəndaşların onlayn qeydiyyatının aparılmasına, pasiyentin müraciət etdiyi şöbələr, ona xidmət göstərən həkimlər, təyin olunan müayinə və müalicə (ambulator və stasionar) haqqında məlumatların sistemə daxil edilməsinə imkan yaradır. Habelə, vətəndaşların diaqnozları və laborator analizlərinin nəticələri haqda məlumatları rahatlıqla əldə etmələrinə xidmət edir.
Qeyd edildiyi kimi, xəstəxanaların ambulator-poliklinik xidmət göstərən heyəti poliklinikalara köçürüləcək. Maraqlıdır, bu qayda nə kimi nəticələrə səbəb olacaq?
“Yeni qaydalara əsasən, ambulator-poliklinik xidmətlər poliklinikalarda göstəriləcək”
Professor, həkim-ekspert Adil Qeybulla qeyd etdi ki, icbari tibbi sığorta ilə bağlı ilk vaxtlar müəyyən problemlərin olması normaldır: “Ola bilər ki, bir sıra məsələlər həllini tapmasın, çətinliklər olsun. Əsas məsələ maliyyələşmə prosesinin düzgün qurulmasındadır”.
Həmsöhbətimiz qeyd etdi ki, yeni qaydalara əsasən, ambulator-poliklinik xidmətlər poliklinikalarda göstəriləcək. Bununla da əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti yüksələcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, artıq neçə müddətdir ölkədə icbari tibbi sığortanın tətbiqi istiqamətində hazırlıq işləri aparılır: “Bunun üçün Azərbaycanın bütün bölgələrində yüksək səviyyəli səhiyyə infrastrukturu yaradılıb. Məqsəd odur ki, Azərbaycanda icbari tibbi sığortaya keçiddə artıq bütün müalicə xərcləri icbari tibbi sığortanın üzərində olsun, amma bölgələrdə güclü infrastruktur olmasa, bütün bölgələrin əhalisi Bakıya gələcək. Ona görə də güclü infrastrukturun, eləcə də güclü tibbi kadrların olması çox vacibdir”.
Günel CƏLİLOVA