Azərbaycanda təbii göl satışa çıxarılıb. İsmayıllı rayonunun Lahıc kəndində 88 sot sənədli göl satılır. Təbii göldə hazırda balıq var və turistik zonadır. Məlumat üçün bildirək ki, gölün dərinliyi 7-11 metrdir, dağdakı bulaqdan içməli su gölə daxil olur.
Onu da qeyd edək ki, təbii göl 120 min manata satışa çıxarılıb.
“Su hövzəsinin satılması ciddi qanun pozuntusudur və bu işin günahkarları...”
Təbii gölün satışa çıxarılması barədə fikir bildirən ekoloq Telman Zeynalov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Allahın yaratdığı gölü satışa çıxarmaq düzgün deyil: “Gölü kimsə yaratmayıb ki, istədiyi məbləğə satışa çıxarsın. Gölü satışa çıxaran şəxs və şəxslər bilməlidirlər ki, təbiət satılmır . Bunu edən şəxs açıq-aşkar deyir ki, o, qanunsuz torpaq satışı ilə məşğuldur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, balıq yetişdirmək istəyən şəxslər təbii göldən istifadə etməməlidirlər: “Bunun üçün öncə torpaq alınmalı, daha sonra bənd tikilməli, su yığılandan sonra gölü hazır vəziyyətə gətirə bilər. Belə olarsa, həmin göldə balıq yetişdirmək olar. Yoxsa hazır, təbii gölü balıq yetişdirmək məqsədilə satışa çıxarmaq düzgün deyil”.
Ekspertin sözlərinə görə, Azərbaycanda su hövzəsi dövlət mülkiyyətidir. Su hövzəsinin satılması ciddi qanun pozuntusudur və bu işin günahkarları qanun qarşısında cavab verməlidirlər: “Düzdür, Azərbaycandan fərqli olaraq, bir çox ölkədə nəinki göl, hətta adalar da satılır. Ancaq bu qayda bizim ölkəyə şamil edilmir. Nəzərə almaq lazımdır ki, təbii yaradılmış hər bir nəsnə, o cümlədən, göl dövlətə, xalqa məxsusdur. Təbii gölü açıq-aşkar satışa çıxaran şəxs qanunvericiliyin tələbinə uyğun formada cəzalandırılmalıdır”.
Günel CƏLİLOVA