Kürdəmir rayon sakini olan bir qrup şəxs üzləşdikləri problemlə bağlı narazılıq edib. Rayonun Şıxlıq məhəlləsi kimi tanınan ərazisində yaşayan sakinlər məhəllələrindəki boş ərazinin xeyli vaxtdır məişət tullantıları ilə doldurulduğunu və aidiyyəti qurumların buraya nəzarət etmədiyini bildirirlər.
Sakinlər bildirirlər ki, küçədə zibil qutularının olmaması və bir çox insanın daim bu əraziyə məişət tullantılarını gətirib atması ərazidə antisanitariya yaradır. Təbii ki, bu cür vəziyyət yoluxucu xəstəlikləri yayılmasına səbəb olur.
Qeyd edək ki, məişət tullantılarının qalaqlanması və yandırılması İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə tənzimlənir. Belə ki, məcəlləyə əsasən, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
“Bəzi ərazilərdə isə məişət tullantıları yandırılır, belə olan halda, ətrafa qatı tüstü, zəhərli maddələr yayılır”
Məsələ ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, məişət tullantılarının qalaqlanması, vaxtında daşınmaması halları ilə tez-tez qarşılaşırıq: “ Ümumiyyətlə, istər mərkəz ərazilərdə, istər bölgələrdə, istərsə də kənar qəsəbələrdə bu, həll edilməyən problem olaraq qalır. Bəzi ərazilərdə isə məişət tullantıları yandırılır. Belə olan halda, ətrafa qatı tüstü, zəhərli maddələr yayılır. Yerli sakinlər isə bu tüstü ilə nəfəs almaq məcburiyyətində qalırlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Kürdəmir rayonunda kommunal problemlərin yaşanması gözlənilən idi: “Məlumdur ki, adıçəkilən bölgənin icra başçısı həbs edilib. Onun yerinə hələlik təyinat yoxdur. Məişət tullantılarının daşınmasına nəzarət edən şöbələr də vəziyyətdən sui-istifadə edirlər. Nəticədə əziyyət çəkən yenə əhali olur”.
Günel CƏLİLOVA