Məlum olduğu kimi, Bakıda məktəbin qarşısından büst oğurlanıb. Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7000 manat dəyərində latun və bürüncdən olan büstü oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanıblar.
Qeyd edək ki, bir sıra təhsil müəssisələrinin qarşısında latun və bürüncdən olan büstlər var. Məktəblərin qarşısına bu kimi büstlərin qoyulmasında səbəb nədir və niyə bunlar oğurlanıb?
“Bu faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”
Məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Nadir İsrafilov qəzetimizə açıqlamasında qeyd etdi ki, hazırda əksər məktəbdə büstlər qoyulur: “Büstlərin qoyulmasının səbəbi həmin tədris müəssisəsinin yetirməsi olan şagirdlərin Vətən yolunda şəhid olmasıdır. Bəzi məktəblər öz yetirmələrinə hörmət əlaməti olaraq, onların necə vətənpərvər olmasını şagirdlərə göstərmək üçün tədris müəssisəsinin qarşısında şəhidin büstünü qoyurlar. Şəhidlərimizə hörmət naminə məktəblərin qarşısında bu tip büstlər var. Xatırladım ki, Sovet dönəmində məktəblərin qarşısına Leninin büstü qoyulardı. Ancaq həmin məktəbin yetirməsi Vətən yolunda şəhid olubsa, onun büstü məktəbin qarşısında qoyulmalıdır. Beləliklə, həmin məktəb öz yetirməsinə necə diqqət göstərdiyini nümayiş etdirir.
Milli qəhrəmanların və şəhidlərin adının məktəblərə verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında mühüm əhəmiyyət kəsb edir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, məktəbin qarşısından büstün oğurlanması hüquq pozuntusudur. Ümumiyyətlə, son zamanlar məktəblərdə oğurluq hadisələrinin artması ilə bağlı məlumatlar yayılır. Bu faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Günel CƏLİLOVA