Bir neçə gündür ki, ərəb turistlərin Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnasını ovlamaları mövzusu ətrafında aktiv müzakirələr aparılır. Bundan başqa, fotolordan görünür ki, onlar ovlanması qadağan olunan qaraqarın, bağrıqara, bəzgək kimi quşları da ovlayıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin görüntülərlə bağlı verilən açıqlamada göyərçinlərlə rəhmsiz rəftara görə xarici turistlərin cərimələndiyi qeyd olunub. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, sözügedən ərazi icarəyə verilib: “Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Acınohur yasaqlığının ərazisində yerləşən 372 hektarlıq ərazi 2017-ci ildə yerli bir vətəndaşa icarəyə verilib və həmin vətəndaş müqavilə əsasında xarici qonaqları buraya dəvət edib, onlar da bu ərazidə istirahət ediblər. Bununla bağlı hər hansısa məhdudiyyət yoxdur, lakin araşdırmanın gedişatı zamanı ərəb turistlərinin həmin ərazidə heyvanlarla rəhmsiz rəftar etməsi ilə bağlı məlumat ortaya çıxdı və onlar bununla bağlı cərimə edildilər. Daha sonra onların bu ərazidə ov apardıqları da aşkar edildi. Bununla bağlı biz dərhal araşdırmaya başladıq və faktlar qismən müəyyən edildi. Nəticədə tərəfimizdən iki ərəb turisti Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin pozulmasına görə təxminən 4000 manat civarında cərimə edildi. Eyni zamanda, yasaqlıq ərazisində onların hərəkətini məhdudlaşdırmaq üçün müvafiq tədbirlər görülüb və ərazidə müxtəlif yerlərdə postlar qurulub. Qeyd edim ki, əlaqədar araşdırmalarımız davam etdiriləcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.
Digər rəsmi qurumlar isə bildirir ki, ərəb turistlərin öv etmək üçün müvafiq lisenziyası olub və buna görə onlar büdcəyə müəyyən olunmuş məbləğdə vəsait də köçürürlər. 5-3 manat vəsaitə görə Azəbaycanın təbiətini məhv etməyə dəyərmi?
Hüquqşunas Mehman Muradlı “Bakı-Xəbər”ə bildirdi ki, ərəblərlə bağlı yayılan video və fotolardan onların qanunu kobud şəkildə pozduqları aydın şəkildə görünür: “Lisenziya müəyyən araşdırmadan sonra daxili işlər orqanları tərəfindən verilir: “Bundan sonra mülki silahları saxlamağa və güllə daşımağa icazəsi olan bütün şəxslər imtahan verib ovçuluq bileti almalıdır. Bu da kifayət deyil. Ov üçün lisenziya alınmalıdır. Lisenziya üçün rüsum ödənilməlidir. Lisenziyalar isə vahid dövlət portalına yerləşdirilməlidir. Aidiyyəti qurumlar hansı icazələr əsasında ov üçün icazə verildiyini əsaslandırmalıdır. Qanunvericiliyə görə, hər növ heyvanları (qabandan başqa) 3 adamdan çox dəstə şəklində qıy və yürüşlə ovlamaq qadağandır”.
Hüquqşunasın sözlərinə görə, ərəb turistlərinin göyərçinləri drona bağlayıb şahinlərin yeminə çevirməsi hadisəsini, ərəb turistlərin qoruq ərazisində ov düşərgəsi qurmasını əks etdirdiyi bildirilən video yayılıb: “Hazırda ov mövsümü bitib və müvafiq qurumlar əcnəbilərin bu hərəkətlərini izah etməlidir. Bu hadisə həm də ona görə çoxsaylı suallar doğurur ki, ölkədə karantin rejimi davam edir, dronlardan istifadə isə ciddi şəkildə nizamlanır. Ekologiya Nazirliyi bütün bu suallara cavab vermir. Qeyri-rəsmi məlumatlara görə, ərəb turistlər yüksək vəzifəli hökumət məmurlarının qonaqları olub. Hesab edirəm ki, hətta lisenziya olsa belə, təbiətimizin bu cür məhv edilməsinə imkan verməməliyik”.
Məhəmmədəli QƏRİBLİ