Tanınmış avtomobil şirkəti olan “Range Rover” Azərbaycan qanunlarını pozur. Belə ki, şirkət ölkədaxili ticarət mübadiləsi zamanı malının satışını, reklamını və ödəniş sistemini qanunvericiliklə məsuliyyət yaradan, xarici valyuta olan dollarla həyata keçirir.
Ancaq qanunvericilikdə qeyd olunur ki, malların qiyməti istər satış zamanı, istərsə də reklam olunarkən manatla göstərilməlidir.
Son günlər qeyd olunan şirkətin rəsmi saytında, kütləvi informasiya vasitələrində “Range Rover” avtomobilinin dollarla satışı reklam olunur.
Qeyd edək ki, Azərbaycanda Konstitusiyaya əsasən, ödəniş vasitəsi kimi yalnız milli pul vahidi olan manatdan istifadə olunur. Konstitusiyanın 19-cu maddəsində qeyd olunur: 1.Azərbaycan Respublikasının pul vahidi manatdır. 2. Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur. 3. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.
Onu da qeyd edək ki, 2015-ci il mayın 15-də qüvvəyə minmiş “Reklam haqqında” Qanunun 4-cü maddəsinin (Reklama dair tələblər) 4.9 bəndinə əsasən, reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi ilə göstərilməlidir.
“Bu qaydaya əməl etməyənlər…”
Hüquqşünas İlqar Əliyev qeyd etdi ki, istənilən məhsulun satışı və reklam zamanı qiymət göstəriciləri yalnız milli valyuta ilə aparılmalıdır. Qanunverilikdə bu məsələ xüsusi olaraq göstərilib: “Hansısa KİV-də reklam olunan məhsulun satış qiymətinin xarici valyuta ilə göstərilməsi və səsləndirilməsinə aidiyyəti qurumlar cavabdehlik daşımalıdırlar. Aidiyyəti qurumlar qanunun tələbini pozan media orqanlarına öncə xəbərdarlıq etməli, daha sonra qanunvericiliyin tələbinə əsasən, protokol tərtib edilməlidir”.
Həmsöhbətimizin sözlərinə görə, reklam olunan hər hansı bir məhsulun satış qiyməti yalnız milli valyuta ilə göstərilməlidir: “Nəzərə almaq lazımdır ki, ölkədaxili dövriyyədə manatdır və bütün satışlarda, elanlarda bu pul vahidindən istifadə olunmalıdır. Bu qaydaya əməl etməyənlər qanunvericiliyin tələbinə uyğun formada cəzalandırılmalıdırlar. Tanınmış avtomobil şirkəti olan “Range Rover” də satış və reklamı da yalnız milli valyuta ilə həyata keçirməlidir”.
Günel CƏLİLOVA