Bakıətrafı qəsəbələrdən birində altı ay əvvəl asfaltlanmış yol istifadəyə yararsız vəziyyətə düşüb. Abşeron rayonu, Cantəpə yaşayış massivinin sakinləri yolların bərbad vəziyyətdə olmasından narazılıq edirlər.
Sakinlər qeyd edirlər ki, bununla bağlı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Onların sözlərinə görə, dəfələrlə edilmiş müraciətdən sonra yaşayış massivinin əsas yolu asfaltlanıb. Amma yolun təmirindən altı ay keçməmiş, yolda dərin çalalar əmələ gəlib, asfalt örtüyü dağılıb.
Demək olar ki, yolda asfaltdan əsər-əlamət qalmayıb. Sakinlər onu da qeyd edirlər ki, qış aylarında yaşayış massivinin yolları keçilməz olur: “Hava yağışlı olanda məktəblilər palçığa batırlar. Bu səbəbdən də əksər sakin məcbur olub uşağa taksi tutur. Yolların bərbad vəziyyətdə olması səbəbindən yaşayış massivinə müasir avtobuslar da verilmir. Bir sözlə, yolun əsaslı təmirə ehtiyacı var.
Məlumdur ki, Prezident Bakıətrafı qəsəbələrin yollarının təmiri üçün vəsait ayırıb. Amma o puldan bizim yaşayış massivinə bir manat da pay çatmır”.
Sakinlər onu da vurğulayırlar ki, problemin həlli ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət ediblər. Ancaq İcra Hakimiyyətindən bildirilib ki, yaşayış massivinin bir hissəsi Binəqədi rayonunun, bir hissəsi isə Abşeron rayonunun ərazisi sayılır. Ancaq heç bir yerli icra orqanı yaşayış massivinin yollarını düzəltmir”.
Abşeron Rayon İcra Hakimiyyətindən isə şikayətin araşdırılacağını bildirdilər.
“Cantəpə yaşayış massivinin yollarının bərbad vəziyyətdə olmasının səbəbi keyfiyyətli asfalt örtüyünün çəkilməməsidir”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, Abşeron rayonu Cantəpə yaşayış massivinin yollarının bərbad vəziyyətdə olmasının səbəbi keyfiyyətli asfalt örtüyünün çəkilməməsidir. Əksər halda nəqliyyat vasitələrinin hərəkət etdiyi əsas yola nazik asfalt qatı tökülür: "Yolda bərkitmə işləri aparmadan nazik asfalt tökürlər. Ümumiyyətlə, yolda bərkitmə işi aparmadan, alt qat möhkəmləndirilmədən asfalt salmaq mənasızdır. Qaydaya əməl etməyəndə, necə gəldi yol təmir olunanda yolun ömrü qısa olur.
Təbii ki, bu vəziyyətdən əziyyət çəkən yenə əhali olur. Onlar istədikləri ünvana getmək üçün çarəsizlikdən taksidən istifadə etməli olurlar. Taksi sürücüləri də yolu bərbad olan əraziyə gedərkən artıq gediş haqqı alırlar. Bu da ailənin büdcəsinə mənfi təsir edir”.
Günel CƏLİLOVA