Son zamanlar bəzi ərazilərdə, parklarda aparılan yenidənqurma işləri zamanı ağacların dibi betonlanır. Bu hal bir neçə gün əvvəl Bakının Nizami rayonunun “8-ci kilometr” adlanan ərazisində olan Heydər Əliyev Parkında qeydə alınıb. Məlumata görə, adıçəkilən ərazidə yaşıllıqlar məqsədli şəkildə məhv edilir.
Həmin ərazinin sakinləri qeyd edirlər ki, Heydər Əliyev Parkında əkilən onlarla ağacın yaxınlığında qanunsuz qazıntı işləri aparılır. Həmçinin, ağacların köklərinə beton axıdılır.
Sakinlərin sözlərinə görə, qazıntı zamanı ağaclara ciddi ziyan dəyib: “Nizami rayonu ərazisində ağacların məqsədli şəkildə məhv edilməsi faktı birinci hal deyil. Bundan öncə də ağaclar bilərəkdən məhv edilmişdi. Bununla bağlı aidiyyəti qurumlara müraciət etdik. Ancaq istənilən nəticəni əldə edə bilmədik”.
“Quyudan gündəlik istifadədən sonra onun suyu durulacaq”
Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Tariyel Tahirov bildirdi ki, məlumat həqiqəti əks etdirmir: “Nizami rayonunda mövcud ağaclara və yaşıllıqlara qulluq göstərilməsi, onların vaxtında suvarılması məqsədilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən bir neçə yerdə, o cümlədən, sözügedən ərazidə də artezian quyusu qazılıb: “Yaşıllıq sahəsinə axıdılan maye isə beton deyil, əraziyə yeni qazılan quyudan axıdılan ilk sudur. Onun torpaq və gillə qarışığı beton görüntüsü verib. Quyudan gündəlik istifadədən sonra onun suyu durulacaq”.
Günel CƏLİLOVA