Məlum olduğu kimi, bu bayram günlərindəki tətil əvvəlkilərdən fərqlidir. Fərq ondan ibarətdir ki, bu dəfə pandemiya ilə əlaqədar martın 29-na qədər ictimai nəqliyyat işləməyəcək. Əvvəlki illərdə bayram günlərində ictimai nəqliyyat fəaliyyət göstərirdi.
Ancaq müşahidələr göstərir ki, ictimai nəqliyyatın işləməməsi təkcə sərnişinlərin gediş-gəlişi üçün çətinliklər yaratmayıb. Eyni zamanda, ağla gəlməyən problemlərin yaranmasına səbəb olub. Məsələ ondadır ki, Bakıda qeyri-iş günlərində ictimai nəqliyyatın işləməməsi səbəbindən bir sıra avtobus dayanacaqları bazar kimi istifadə edilərək zibillənir. Hətta bununla bağlı şəkillər sosial şəbəkələrdə yayılaraq müəyyən müzakirələrə səbəb olub. Məsələn, Xəzər rayonunun Binə qəsəbəsində yerləşən dayanacaqdan bu məqsədlə istifadə edilir. Qəsəbə sakinləri 160 nömrəli avtobusun işləməməsi səbəbindən onun dayanacağını əməllicə bazara çevirərək alver etməyə başlayıblar. Bu səbəbdən dayanacağın ətrafı pis günə qalıb. Alverlə məşğul olanlar zibili dayanacağın ərazisinə atırlar. Həmçinin, bütün bunlar dayanacaqda quraşdırılan infrastruktura da zərər vurur. Çünki dayanacaq alver üçün deyil. Bənzər vəziyyət Sabunçu və Suraxanıda da müşahidə edilir.
Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyindən münasibət öyrənmək mümkün olmadı.
“Çox təəssüf ki, sözügedən qurumun səsi çıxmır və belə xoşagəlməz hallara müdaxilə etmir”
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, dayanacaqlardan bazar kimi istifadə edilməsi tamamilə qanunsuzdur: “İstənilən halda, buna heç cür haqq qazandırmaq olmaz. Çünki bu, yolverilməz bir haldır. Bu, sərnişinlərin hüquqlarının pozulması ilə yanaşı, digər xoşagəlməz fəsadlara yol açır. Dayanacaqlarda antisanitariya vəziyyəti pisləşdirir. Ona görə ki, bu, dayanacaqların birbaşa olaraq zibillənməsi deməkdir. Görünən odur ki, müəyyən işbazlar yaranmış vəziyyətdən sui-istifadə edirlər. Buna isə heç cür haqq qazandırmaq olmaz. Bunun başlıca günahkarı Bakı Şəhər İcra Hakimiyyətidir. Məhz bu qurumun səhlənkarlığı üzündən belə xoşagəlməz hallar yaşanır. Gərək BŞİH sözügedən məsələlərə nəzarət etsin və dayanacaqlardan alver məqsədilə istifadə edilməsinə yol verməsin. Çünki BŞİH-də küçə ticarətinə baxan, buna nəzarət edən ayrıca departament var. Çox təəssüf ki, sözügedən qurumun səsi çıxmır və belə xoşagəlməz hallara müdaxilə etmir. Bu isə doğru deyil. Gərək şəhərin infrastrukturu qorunsun”.
AİB sədri hesab edir ki, sözügedən məsələlərə ciddi nəzarət olmalıdır.
Vidadi ORDAHALLI