Abşeron rayonunun Mehdiabad qəsəbəsinin sakinləri çirkab suların onların yaşadığı əraziyə axmasından narazılıq edirlər. Qeyd edək ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsinin sakinlərinin məlum problemini bu yaxınlarda da işıqlandırmışdıq. Ancaq problem hələ də öz həllini tapmayıb.
Natəmizlikdən bezən sakinlər etiraz əlaməti olaraq martın 22-də yolu bağlayıblar. Onların etiraz aksiyası keçirmələrinə səbəb qəsəbənin küçələrində kanalizasiya xəttinin olmamasıdır. Sakinlər qeyd edirlər ki, əraziyə yayılan çirkab su antisanitariya şəraiti yaratmaqla yanaşı, ətrafa kəskin qoxu yayılır.
Qeyd edək ki, çirkab suları dedikdə axar suyun müxtəlif sənaye və məişət tullantıları, həmçinin, atmosfer yağmurları vasitəsilə çirklənməsi başa düşülür. Bəzən və ya çox vaxt bu çirklənmələr gigiyena normalarından artıq olur. Buna görə də onlar ətraf mühitə atılmazdan öncə müvafiq üsullarla təmizlənməlidir.
“...ərazini xəstəlik mənbəyinə çevirir”
Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, çirkab suların yaşayış evlərinə yaxın ərazidən axması antisanitar vəziyyət yaratmaqla yanaşı, ərazini xəstəlik mənbəyinə çevirir: “Belə olan halda, üfunət iyi, gəmirici və həşəratlar yaxınlıqdakı evlərə dolur, narahatlıq yaradır, xəstəliklərin yayılmasına səbəb olur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, çirkab suların ətraf əraziyə axıdılmasının səbəbi həmin ərazidə kanalizasiya şəbəkəsinin işlək olmamasıdır. Aidiyyəti qurumlar bu məsələdə fəal olmalıdırlar: “Nəzərə almaq lazımdır ki, koronavirus infeksiyasının tüğyan etdiyi bir dövrdə antisanitariyanın yayılmasının qarşısı alınmalıdır”.
Günel CƏLİLOVA