Azərbaycanda son illərdə liberallaşan sahələrdən biri taksi xidmətidir. Bu sahədə rəqabətli mühitin olması taksi sektorunu genişləndirməklə yanaşı, qiymət siyasətinə müsbət təsir edir. Paytaxtda, habelə son vaxtlar regionlarda da müxtəlif özəl taksi şirkətlərinin fəaliyyət göstərməsi, ilk növbədə, müştəriləri qane edir.
Taksi şirkətlərinin sayının çox olması, sərnişinlərlə yanaşı, sürücüləri də qane edir. Belə ki, taksi sürücüsü kimi çalışmaq istəyənlər həmin şirkətlərə müraciət edərək, orada sürücü kimi çalışırlar.
Sürücülərin narazı qaldığı şirkətlərdən biri də “Ulduz taxi” (*5000) şirkətidir. Belə ki, taksi xidmətləri yüksək maaş və bir çox sərfəli şərt təklif edərək, sürücüləri onlarla işləməyə dəvət edirlər. Amma nəticədə isə bir çox sürücü hərtərəfli özlərinə sərf edən müqavilələr əsasında hüquqlarını kobud şəkildə pozan taksı şirkətləri tərəfindən aldadılır.
“...avtomobili yalnız şirkətin servislərində məcburi şəkildə təmir etmək tələb olunub”
İşdən azad olunan sürücülərdən biri də Vəliyeva Dəniz Azad qızıdır. Təxminən bir həftə öncə avtomobili əlindən alınaraq işdən azad edilib. Dəniz xanım qeyd edir ki, “Ulduz taxi” (*5000) şirkəti avtomobili 29 ay müddətində gündəlik ödəmələr tamamlanarsa, sonda avtomobilin sürücüyə qalacağını vəd edib. Yalnız bu vəd yerinə yetirilməyib. Belə ki, xanım sürücü işdə yaşadığı anlaşılmazlıq və operatorla aralarında olan mübahisədən sonra işini itirib. İşini itirdikdən sonra ona nə depozit məbləği, nə də 6 ay müddətində ödənilən məbləğ geri qaytarılıb. Avtomobili isə əlindən alınıb.
D.Vəliyevanın sözlərinə görə, gündəlik 26 manat ödəniş etsə də, bununla bağlı bu 6 ay müddətində heç bir qəbz də verilməyib. Yalnız sübut üçün 6 ay müddətində aldığı etibarnamə var. Pul ödənilməsə, sürücüyə etibarnamə verilmir. Nəticədə 6 ay müddətində sürücü tərəfindən ayda 780 manat olaraq ümumi 4680 manat ödənilib. Bundan əlavə, ilkin olaraq, işə başlayanda 800 manat depozit məbləği də ödəyib. Depozit məbləği də verilən müqavilədə 500 manat göstərilib.
Xanım sürücünün sözlərinə görə, avtomobili yalnız “Ulduz taxi” (*5000) şirkətinin servislərində məcburi şəkildə təmir etmək tələb olunub. Qiymətlər isə onlar təyin etdiyi formada həyata keçirilib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Günel CƏLİLOVA