Qərbi Kaspi Universitetində qanunsuz tələbə qovulması qeydə alınıb. Tələbənin təhsil aldığı universitetdən qovulmasına səbəb tələbənin ali təhsil müəssisəsindən digər təhsil ocağına köçürülməsidir. Tələbənin digər universitetə köçürülməsi mümkün olmadıqda onun yenidən Qərb Universitetində təhsilinə davam etməsinə icazə verilməyib.
Tələbə qeyd edir ki, köçürülmə zamanı istədiyi universitetə qəbul ola bilməyərək, oxuduğu Qərbi Kaspi Universitetindən qovulub.
Qeyd edək ki, bir neçə il əvvəl ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar təsdiq edilib.
Qərbi Kaspi Universiteti: “Həmin tələbə universitetdən qovulmayıb, sentyabr ayından etibarən tədrisinə davam edə bilər”
Məsələ ilə bağlı universitetdən bildirildi ki, tələbənin verdiyi məlumat həqiqəti əks etdirmir. Qeyd edildi ki, həmin tələbə universitetdən qovulmayıb, sentyabr ayından etibarən tədrisinə davam edə bilər.
Nizami Hüseynov: “Aldığı təhsilin səviyyəsi, ixtisası tələbəni qane etmirsə, sənədlərini götürüb digər universitetlərdə təhsilini davam etdirə bilər”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, Azərbaycan dünya təhsilinə inteqrasiya edir: "Dünya praktikasında aldığı təhsilin səviyyəsi, ixtisası tələbəni qane etmirsə, sənədlərini götürüb digər universitetlərdə təhsilini davam etdirə bilər. Bu, təhsilin inkişafına kömək edən məsələdir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, tələbənin köçürülməsi prosesi baş verməyibsə, onu oxuduğu universitetdən çıxarmaq düzgün deyil: “Köçürülmə prosesi baş tutmayıbsa, onun təhsil hüququ əlindən alınmamalıdır. Hər kəsin təhsil almaq hüququ var”.
Günel CƏLİLOVA