Bakıda Səbail rayonu ərazisində yerləşən yaşayış binalarından birinin sakinləri şikayətçidirlər. Sakinləri narahat edən məsələ onların yaşadıqları binanın altına yığılan suyun uzun müddət təmizlənməməsidir.
Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 21 ünvanında yaşayan sakinlər binanın altına yığılan sudan təngə gəliblər.
“Binanın birinci mərtəbəsində yerləşən mənzilləri su basır və bu vəziyyətə heç bir qurum müdaxilə etmir”
Şikayətçi Namazlı Elşən Eldar oğlu deyir ki, fevral ayından Bakı Şəhər İcra Hakimiyyətinə və Səbail Rayon İcra Hakimiyyətinə problemlə əlaqədar yazılı müraciət edib. Vətəndaş onu da qeyd edir ki, o, Vətən müharibəsinin iştirakçısı olub
E.Namazlı bildirir ki, binanın birinci mərtəbəsində yerləşən mənzilləri su basır və bu vəziyyətə heç bir qurum müdaxilə etmir.
Şikayətçinin sözlərinə görə, binanın altına su yığılması problemi artıq bir ildir ki, davam edir. Binada 16 ailə yaşayır: “Məlumdur ki, binanın altına su yığılması müxtəlif növ xəstəliklərin yaranmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, binada xəstə, uşaq, yaşlı şəxslər yaşayırlar. Elə insanlar var ki, onların sağlıq durumu imkan vermir ki, tez-tez binanın problemi ilə bağlı aidiyyəti qurumlara müraciət etsinlər. Edilən müraciətlərə heç bir cavab verilmir”.
Qeyd edək ki, zirzəminin su ilə dolması antisanitariyaya səbəb olur. Belə olan halda, üfunət iyi ətrafa yayılır. Təbii ki, bu hal həmin binada yaşayanlarla yanaşı, ətrafda yaşayanların da narazılığına səbəb olur.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin qurumdan zənglərimizə cavab verən olmadı.
Günel CƏLİLOVA