Son illər yolların genişləndirilməsi, müasir piyada keçidlərinin, səkilərin tikilməsi ilə piyadaların təhlükəsiz hərəkəti üçün müəyyən işlər görülür.
Bakı şəhərində əhalinin təhlükəsizliyi baxımından son illər yeraltı və yerüstü piyada keçidləri inşa edilib. Bu keçidlərin əksəriyyətində pilləkən deyil, eskalatorlar quraşdırılır. Əslində, eskalatorlu keçidlər daha rahatdır. Ona görə ki, yaşlı sakinlərin pilləkənləri çıxmasına ehtiyac qalmır.
Ancaq son illər piyada keçidlərində quraşdırılan bəzi eskalatorların işləməməsi, üstəlik, onunla yanaşı, pilləkənlərin də olmaması gediş-gəlişi daha da çətinləşdirir. Məsələ ondadır ki, Bakıətrafı bir neçə yerdə yerüstü piyada keçidlərində eskalatorlar işləmir. Sabunçu dairəsində, Suraxanı istiqamətində olan piyada keçidlərində eskalatorlar işləmir. Pilləkənləri qalxmaq yaşlı insanlar və xüsusən də əlilliyi olan şəxslər üçün çətindir. Söhbət əlil arabasından istifadə edənlərdən yox, nisbətən yüngül əlilliyi olan şəxslərdən gedir. Hansı ki, eskalatorun işləməməsi onlar üçün müəyyən çətinliklər yaradır. Bəzən görürsən ki, eskalatordan biri işləyir, digəri günlərlə işləmir. İşləməyən eskalator günlərlə təmir edilmir. Halbuki, əhalinin rahatlığı naminə bu problemləri tez aradan qaldırmaq lazımdır.
Bakı Nəqliyyat Agentliyi piyada keçidlərinin Bakı Şəhər İcra Hakimiyyətinin balansında olduğunu deyir. Belə məlum olur ki, BŞİH bu işə ciddi nəzarət etməlidir.
“Bu, yaşlı insanların həyatına təhlükə yaradır”
Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun sözlərinə görə, nəinki Bakıətrafı ərazilərdə, şəhərin mərkəzində yerləşən piyada keçidlərinin çoxunda eskalatorlar işləmir: “Bu məsələ həqiqətən çox ciddi problemdir. Şəhərin mərkəzində əksər yerdə eskalatorlar işləmir. Bundan da şəhər sakinləri, xüsusən də yaşlı adamlar çox əziyyət çəkirlər. Bəzən onlar eskalatorun işləməməsi səbəbindən məcbur olub nəqliyyat axını olan yollardan keçirlər. Bu isə onların həyatına təhlükə yaradır. Bütün bunlar sonda bədbəxt hadisələrlə nəticələnir. Ona görə də bu problem öz həllini tapmalıdır. Hətta bəzi piyada keçidləri çox eybəcər və standartdan kənar bir formada tikilib. Məsələn, şəhərin mərkəzi olan Atatürk prospektində böyük bir park salınıb. Orada tikilən piyada keçidində insanların düşməsi üçün praktik olaraq yer yoxdur. Əlilliyi olan şəxslərin düşməsi üçün yer düzəldiblər. Həmin yerdən əlilliyi olmayan şəxslər də düşməlidirlər. Bu isə mümkün deyil. Ona görə də bu məsələlər öz həllini tapmalıdır. BŞİH sözügedən məsələni diqqətdə saxlamalıdır. Yoxsa, problem öz həllini tapmayacaq”.
Professorun fikrincə, elə sistem qurulmalıdır ki, eskalatorlar işləməyəndə dərhal bununla bağlı tədbirlər görülsün.
Vidadi ORDAHALLI