Abşeron rayon sakinləri İcra Hakimiyyətinin onların şikayətinə baxmamasından narazılıq edirlər. İbrahim Abbasov adlı vətəndaş bildirir ki, onun və digər sakinlərin Abşeron Rayon İcra Hakimiyyəti ilə bağlı şikayətləri illərdir davam edir, amma tədbir görən yoxdur:
“Abşeron rayonu Atyalı qəsəbəsinin yolları bərbad gündədir, nə təcili tibbi yardım, nə də taksi gələ bilir”
“Mən Abşeron rayonu Atyalı qəsəbəsində yaşayıram, 2-ci Qarabağ müharibəsi iştirakçısı olmuşam, bizim qəsəbənin yolları bərbad gündədir. Nə təcili tibbi yardım, nə də taksi gələ bilir. Ailəsində xəstəsi olanlar yolun bərbad olması səbəbindən təcili yardım qəbul edə bilmirlər. Yolun pis vəziyyətdə olması sakinləri çıxılmaz vəziyyətə salır. Onu da qeyd edim ki, küçənin ünvanı belə yoxdur, zəng vuranda bilmirik ünvanı necə başa salaq. İcra başçısı İradə xanım, ümumiyyətlə, maraqlanmır. Nə bizimlə görüşü qəbul edir, nə də özü əraziyə çıxır. Amma hər ilin hesabatında yazılır ki, qəsəbənin yolları, şəraiti yaxşıdır. Məlumat üçün bildirim ki, qəsəbədə nə aptek var, nə dövlət klinikası, demək olar ki, heç nə yoxdur. İnsanlar dərman almaq üçün şəhərə üz tuturlar. Təbii ki, bu da ailə büdcəsinə təsir edir. Yəni o dərəcədə acınacaqlı bir şəraitdir. Heç ümidim yoxdur ki, burada nəsə dəyişiklik edilsin".
Şikayətçi qeyd edir ki, o dəfələrlə qəsəbənin sosial problemləri ilə bağlı İcra Hakimiyyətinə müraciət etsə də, müsbət nəticə əldə etməyib.
Qeyd edək ki, Abşeron rayonu Atyalı qəsəbəsinin sosial problemləri dəfələrlə qaldırılıb. Ancaq bununla bağlı hər hansı bir cavab verilməyib.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. İcra Hakimiyyətinin rəsmi saytında əlaqə üçün 3 nömrə yazılıb. Bu nömrələrlə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Günel CƏLİLOVA