Məlum olduğu kimi, Azərbaycanda sənədsiz evlər inventarlaşdırılacaq. Ölkə ərazisində müvafiq hüquq müəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər (əsasən yaşayış evləri) və onların yerləşdiyi torpaq sahələri ilə bağlı problemin həlli məqsədilə Prezidentin tapşırığına əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən 2019-cu il 27 iyun tarixində Tədbirlər Planı təsdiq edilib.
Problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq, yerli ekspert komissiyaları yaradılıb.
Həmin komissiyalar tərəfindən şəhər və rayonlar üzrə müvafiq hüquq müəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər və onların yerləşdiyi torpaq sahələrinin inventarlaşdırılması həyata keçirilir. Eyni zamanda, yaşayış evlərinin və torpaq sahələrinin mühafizə və sürüşmə zonalarına düşüb-düşmədiyi, kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşib-yerləşmədiyi məsələsi də diqqətdə saxlanır.
Ümumiyyətlə, sənədsiz evlərin inventarlaşdırılması xəbəri qanunsuz tikililərdə yaşayan vətəndaşların sevincinə səbəb olub. Ancaq bu qayda hər qanunsuz tikilidə yaşayana şamil olunmayacaq. Belə ki, təhlükəli zonada yaşayanların evinə sənəd verilməyəcək. Bu da həmin ərazilərdə yaşayan vətəndaşların narazılığına səbəb olur.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elşad Məmmədov bildirdi ki, sənədsiz evlərin gələcəkdə sənədləşdirilməsinin mümkün olub-olmadığı bütün ölkə üzrə araşdırılır.
Onun sözlərinə görə, bölgələrdə 75 min daşınmaz əmlakın inventarlaşdırılması yekunlaşdırılıb: “Vətəndaşların yaşaması üçün təhlükə yaradan ərazilərdə yerləşən tikililər bu inventarlaşdırmaya daxil edilməyəcək. Ümumiyyətlə, təhlükə təşkil edən yerlərdə - Xəzər dənizi zolağında, neft-qaz-su kəmərlərinin keçdiyi ərazilərdə, yüksək gərginlikli elektrik xətlərinin, dəmir yolu xətlərinin yaxınlığında yerləşən, zəbt olunmuş yaşıllıq ərazilərdə tikilən evlərin sənədləşdirilməsi nəzərdə tutulmayıb. Ancaq digər ərazilərdə yerləşən sənədsiz evlərin inventarlaşdırılması yekunlaşdıqdan sonra hökumətə bununla bağlı təkliflər veriləcək”.
Günel CƏLİLOVA