Koronavirus infeksiyasına yoluxanların sayını azaltmaq üçün bir sıra qadağalar tətbiq edilib. Tətbiq edilən qadağalardan biri də həftəsonu ictimai nəqliyyatın işləməməsidir. Qadağalara baxmayaraq, həftəsonu paytaxt ərazisində qanunsuz fəaliyyət göstərən mikroavtobuslar peyda olub.
İddia olunur ki, həftəsonu işləyən mikroavtobuslarda təhlükəsizlik qaydalarına riayət edilmir. Bu səbəbdən də həmin nəqliyyat vasitəsində koronavirusun yayılma risqi yüksəkdir.
Mais Ağayev: “Həmin avtomobillər heç bir standarta cavab vermir, bununla bağlı narazılığımızı bildirmişik”
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirdi ki, məlum problem BNA-nı narahat edir: “Bakı-Sumqayıt istiqamətində və ya şəhər ərazisində fəaliyyət göstərən mikroavtobuslar qanunsuz olaraq iş görürlər, bunun qarşısı alınmalıdır. Həmin avtomobillər heç bir standarta cavab vermir. Bununla bağlı narazılığımızı bildirmişik. Ancaq onu da qeyd edim ki, bu məsələ Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin səlahiyyətinə aiddir”.
Vaqif Əsədov: “Pandemiya dövründə peyda olanlar qanunsuz işləyənlərdir”
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, virusun sürətlə yayıldığı bir zamanda belə hallar yolverilməzdir: “İnsanları daha diqqətli olmağa çağırıram, tanımadığınız, bilmədiyiniz, sürücülük sahəsində peşəkar olmasına əmin olmadığınız insanla məsafə qət etməkdən çəkinmək lazımdır. Məlumdur ki, sərnişindaşımada iştirak edən sürücülər xüsusi icazəsi olan, uzun müddət təcrübəsi olan peşəkar sürücülərdir. Pandemiya dövründə peyda olanlar isə qanunsuz işləyənlərdir. Məlumat üçün bildirim ki, yol polisi dəfələrlə Bakı və Sumqayıt ərazisində reydlər keçirib. Reyd zamanı xeyli sayda qanunsuz sərnişin daşıyan sürücü aşkarlanıb”.
Günel CƏLİLOVA