İkinci Qarabağ müharibəsində Vətən qarşısında öz borcunu ləyaqətlə, mərdliklə yerinə yetirib torpaq uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan Sadiq Nadir oğlu Rəhimov 1997-ci ildə Lerik rayonunun Veri- Əliabadı kəndində anadan olmuşdu.
Doğma yurduna, elinə qəlbən, ülvi hisslərlə bağlanan Sadiq orta məktəbdən sonra Astara Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyinə daxil olur. Xalqına fayda vermək əzmi mənəvi dünyasına hakim kəsilən tələbə oğlan yaxşı oxuyur, mükəmməl biliklə doğma kəndinə qayıdır. 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Cəbhə bölgəsində xidmət edən Sadiq doğma Vətənə, torpağa bağlı oğul kimi əsgər və zabit heyəti qarşısında həmişə özünü doğruldur. Cəsurluğu, mərdliyi, qorxmazlığı, dosta sədaqət və etibarı, həyat sevgisi, eləcə də verilən tapşırıqlara vaxtında əməl etməsi ilə fərqlənir.
2019-cu ildə Sadiq əsgərliyini üzüağ bitirir. Elə kəndində el-obanın işinə yaranmaqla paklıq, saflıq dünyasına doğru bir yol götürür. Ürəklə, həvəslə qurub-yaradır, cəmiyyətin inkişafına gözəl töhfələr verir. Gördükləri insanlarda ona qarşı yalnız səmimi, xeyirxah hisslər oyadır. Amma öz sinəsində olan Vətən qubarı bir an belə azalmır. Ta 2020-ci il 27 sentyabra qədər.
İkinci Qarabağ müharibəsi başlananda könüllü olaraq Sadiq Rəhimov Vətənin haqq çağırışına, harayına birinci gedir. Əyninə cəngavər libasını geyib torpaq uğrunda can qoyan igidlərin sırasında Füzuli, Xocavənd uğrunda gedən ağır döyüş meydanlarında erməni dığalarına sarsıdıcı zərbələr vurur, onlara ciddi itkilər verməklə əsl qəhrəmanlıq salnaməsi yaradır. Sadiq kimi igidlərin hər uğurlu əməliyyatları dığaların belini sındırır, döyüş qələbəmizi hər gün bizə yaxın edir.
Sadiq 2020-ci il 3 noyabr günündə də döyüşə qələbə əzmi ilə atılır. Dığaların çoxlu sayda canlı qüvvəsini, maşını sıradan çıxardır. Qələbə heç vaxt qurbansız olmur. İgid əsgər sinəsini Vətənə sipər etməklə gözlərini bu döyüşdə əbədi yumur. Ölümündən sonra "Füzulinin azad olumasına görə" və "Vətən uğrunda" medallarına layiq görülən dağlar diyarının igid oğlu Sadiqin adı Vətənə sədaqət nümunəsi olaraq ürəklərdə yaşayır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü