Məlum olduğu kimi, ötən ilin iyul ayında “Sobsan” boya fabrikində güclü yanğın baş verdi. Yanğın zamanı həm fabrikə, həm də sahibkarlara zərər dəydi. “Sobsan” boya fabrikində baş verən güclü yanğın zamanı zərərçəkənlər hələ də onlara çatacaq kompensasiyanı ala bilmirlər.
Zərərçəkənlərdən biri də Zəngilan rayonundan olan məcburi köçkün Alməmmədov Məhyəddin Alməmməd oğludur.
Qeyd edək ki, 1993-cü ildə doğma yurdundan didərgin düşən Alməmmədovlar ailəsi Binəqədi rayonu, 7-ci mikrorayon, 3126-cı məhəllədə məskunlaşıb. Yanğın baş verən zaman Alməmmədovlar ailəsinə məxsus 2 ev olub. Evlərin birində ata, digərində isə oğlu yaşayıb. Yanğın baş verən zaman yanan evin ölçüləri 60 kv.m-dir.
M.Alməmmədovin sözlərinə görə, qızının cehizi də həmin evdə olduğu üçün yanaraq yararsız vəziyyətə düşüb: “Yanğın zamanı ailəmizə ziyan dəyib. Ailəmizə dəyən ziyan araşdırılıb və bununla bağlı protokol da tərtib olunub. Lakin dəymiş ziyan tam şəkildə hesablanmayıb. Belə ki, FHN-in rəsmi sənədində qeyd olunur ki, yanğın zamanı Alməmmədovlar ailəsinə aşağıdakı ziyan dəyib:
Evdə olan 51 əşya üçün – 14.081 manat, tikiliyə dəyən zərər - 5.600 manat, həyətdəki 14 ağac - 3.540 manat, cəmi – 23.221 manat.
Ancaq həyətimdə yetişdirdiyim ağacların sayı 14 deyil, 23 idi.
Evimdə yanan əşyaların sayı, qızımın və gəlinimin cehizi və digər əşyalar siyahıda yoxdur.
Rəsmi sənəddə o da qeyd edilir ki, “Rəmzi-S” MMC-yə məxsus “Sobsan” boya fabrikində baş vermiş yanğın hadisəsi nəticəsində 14 milyon 243 min 126 manat 49 qəpik ziyan dəyib. Dəymiş maddi ziyan “Sobsan” üçün əhəmiyyət kəsb etmir. Odur ki, fabrikin hadisə ilə əlaqədar şikayəti və iddiası yoxdur ”.
12 milyon manat “Sobsan” üçün əhəmiyyət kəsb etmir. Onda niyə fabrik zərərçəkənin pulunu ödəmir?”.
Şikayətçi bildirir ki, bu hadisə tək onun deyil, həmin ərazidə yaşayan bəzi şəxslərin də başına gəlib. Həmin şəxslərə də dəyən zərər tam şəkildə ödənilmir.
Günel CƏLİLOVA