Son zamanlar terminallardan ödəniş edənlərin sayı artıb. Əhali kommunal və digər xidmətlərdən istifadə məqsədilə ödənişi terminal vasitəsilə həll edir. Qeyd edək ki, ödənişin terminal vasitəsilə həyata keçirilməsi insanların rahatlığı baxımından xoş qarşılanır. İnsanlar ödəniş üçün hansısa qurumun şöbəsinə deyil, yaxınlıqla fəaliyyət göstərən market və ya dükanda olan terminal vasitəsilə ödənişlərini həyata keçirirlər.
Onu da vurğulayaq ki, terminal vasitəsilə ödəniş artıq bütün dünya ölkələrində qəbul olunub, əksər halda qeyd etdiyimiz xidmət növündən istifadə edilir.
Ancaq bu günlərdə belə bir məlumat yayıldı ki, “Milliön” vasitəsilə işıq pulu ödəmək istəyənlər əlavə olaraq 1 manat ödəniş etməlidirlər. İşıq puluna görə əlavə 1 manatın ödənilməsi əhali arasında narazılığa səbəb olub.
“...rəqib şirkətlərə də şamil edilir”
Məsələ ilə bağlı fikir bildirən “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva dedi ki, hazırda yalnız “Azərişıq” qeyri-əhali ödənişlərində müştərilərdən 1 AZN borcdan əlavə ödəmə olmalıdır: “Məlumat üçün bildirim ki, bu xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olaraq monitorda qeyd olunub.
Onu da vurğulayım ki, bu qərar “Milliön” və “Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib”.
Ü.Əfəndiyevanın sözlərinə görə, bu, yalnız “Milliön” köşklərinə şamil olunmur. Ümumi olaraq “Azərişıq” tərəfindən tətbiq olunan razılaşma əsasında rəqib şirkətlərə də şamil edilir.
Günel CƏLİLOVA