Son günlər sosial şəbəkədə koronavirus infeksiyası ilə bağlı vaksin vurulması barədə müxtəlif məlumatlar yayılır. Bu günlərdə sosial şəbəkədə belə bir məlumat yayılıb ki, 65 yaşdan yuxarı şəxslər vaksin vurdurmazsa, həmin şəxslərin pensiyası kəsiləcək və onlara təqaüd verilməyəcək.
Qeyd edək ki, bu məlumatlar əsassızdır. Peyvənd könüllü xarakter daşıyır. 65 yaşdan yuxarı şəxslərin pensiyasının kəsilməsi isə həqiqəti əks etdirmir.
Ümumiyyətlə vaksinlə bağlı bu günədək müxtəlif formada düzgün olmayan məlumatlar yayılır. Bəzi şəxslər bu tip məlumatları yayaraq əhalinin vaksinlə bağlı fikrini yayındırmaq istəyirlər.
Ancaq əhali bilməlidir ki, vaksinləşmə könüllü xarakter daşıyır və bunda məqsəd koronavirus infeksiyasının qısa müddət ərzində tam olaraq yox olmasıdır.
“...peyvənd olunmayan 65+ yaşlı insanların pensiyalarının kəsilməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil”
Məsələ ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, sosial şəbəkədə peyvənd olunmayan 65+ yaşlı insanların pensiyalarının kəsilməsi ilə bağlı yayılan məlumatlar düzgün deyil: “Danılmaz faktdır ki, hər bir vətəndaşın pensiya hüququ var. Qanunvericilikdə vaksindən imtina edən şəxsə pensiyası və ya digər ödənişlərin dayandırılması ilə bağlı məsələ yoxdur. Məlumat üçün bildirim ki, peyvənd könüllüdür. Hətta gələcəkdə peyvənd məcburi olsa belə, heç bir halda, bunun pensiya məsələsinə aidiyyəti yoxdur. İnsanlar şayiələrə inanmasınlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, koronavirus infeksiyası insanlar üçün olduqca həssas mövzudur. Bəzi şəxslər insanların həssaslığından istifadə edib, xoşagəlməz məlumatlar yayırlar: “Bu tip informasiyaları yayanlar aşkar edilərək qanunvericiliyin tələbinə uyğun formada cəzalandırılmalıdırlar. Həmin şəxslər sərt şəkildə cəzalandırılmalıdırlar ki, bu hal digərlərinə dərs olsun. İnsanların həssaslığından istifadə etməsinlər”.
Günel CƏLİLOVA