Azərbaycanda tətbiq edilən Çin vaksinlərinin əsl effektivliyi və əks kampaniyaların əsassızlığı...

Adil Qeybulla: “İnsanların Çin istehsalı olan vaksindən imtina etməsi üçün heç bir əsas yoxdur”

img

Məlum olduğu kimi, yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya start verilib. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd, ilk növbədə, yüksək risq qrupuna aid olan tibb işçilərinə vurulur.

Təəssüf  hissi ilə bildirək ki, son günlər sosial şəbəkədə vaksinasiya ilə bağlı yanlış təbliğat aparılır. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri mövzuya aid olmayan şəkil və videolar paylaşaraq, ictimai rəyi çaşdırmaq istəyirlər.

Ancaq peyvənd olunan həkimlər sosial şəbəkədə paylaşılan məlumatların əsassız olduğunu və vaksinin heç bir yan təsiri olmadığını deyirlər.

  • “Koronavirus infeksiyasının yox olmasını istəyiriksə...

Bu yaxınlarda vaksin olunan professor, tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, insanların Çin istehsalı olan vaksindən imtina etməsi üçün heç bir əsas yoxdur: “Məlumat üçün bildirim ki, biz belə vaksinləri Sovet dövründə yaşayanda da görmüşük. Həmin vaksinlərin hazırlanma texnologiyası identikdir. O zaman vaksinlər necə hazırlanırdısa, indi də o cür istehsal edilir. Onu da qeyd edim ki, Çində yüksək texnologiyaya malik laboratoriyalar var. Həmin laboratoriyalarda yüksək keyfiyyətə malik vaksinlər hazılanır.

Çin istehsalı olan “Sinovak” şirkətinin “Koronovak” vaksini inaktiv olduğu üçün dünya ölkələri tərəfindən etibarlı hesab edilir, həm də daha çox sınağı aparılıb. Mənim özümə də vaksin vuruldu. Vaksinin heç bir yan təsiri olmadı”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, insanlar vaksindən qaçmamalıdırlar: “İnsanlar vaksindən qorxmamalıdırlar. İndiyədək milyonlarla insan peyvənd olunub. Bu günə qədər peyvənddən əmək qabiliyyətini itirən və ya dünyasını dəyişən insan olmayıb. Koronavirus infeksiyasının yox olmasını istəyiriksə, vaksin olunmaqdan imtina edilməməli, əksinə, insanların peyvənd olunması ilə bağlı çağırışlar edilməlidir”.

Günel CƏLİLOVA

Son xəbərlər