Son zamanlar bir çox sahədə qiymət artımı müşahidə edilir. Qiymət artımı müəyyən səbəblərdən rayondan Bakıya gələn və kirayədə yaşayan insanların yaşam xərclərini çətinləşdirib. Bu səbəbdən də bu kateqoriyadan olan insanlar öz yurdlarına dönməyə qərar veriblər. Artıq kirayədə yaşayan bəzi ailələr öz rayonlarına geri qayıdaraq təsərrüfatla məşğul olmağa başlayıblar.
Ekspertlər hesab edirlər ki, Bakıda kirayədə yaşayaraq çətinliklə ailəsini dolandırmaqdansa, öz rayonlarına geri qayıdıb, təsərrüfatla məşğul olub, daha rahat yaşamaq istəyənlərin sayı daha da artacaq.
“Kənd, rayon yerində yaşayan şəxs təsərrüfatla məşğul olaraq həm öz ailəsini dolandırır, həm də...”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, insanların səmərəli fəaliyyəti üçün bölgələrdə hər bir şərait mövcuddur: “Əksər insan iş üçün paytaxta üz tutur. O insanların Bakıda yaşaması üçün öz evləri olmadığı təqdirdə kirayədə yaşamalıdırlar. Təbii ki, kirayədə yaşayan insan üçün əlavə sosial xərclərin qalxması həmin ailələrin maddi durumuna təsir edir. Son zamanlar müşahidə edilən bahalaşmalar da, eyni zamanda, şəhərdəki yaşam xərclərini artırır. Kirayə qalan insanlar üçün isə daha çox xərc tələb edir. Maddi vəziyyəti pisləşən bu tip ailələr son çarəni öz bölgələrinə geri qayıtmaqda görürlər. Onlar öz yurdlarına geri qayıdaraq, büdcələrinə də müsbət təsir etmiş olurlar. Kənd, rayon yerində yaşayan şəxs təsərrüfatla məşğul olaraq həm öz ailəsini dolandırır, həm də istehsal etdiyi məhsulu bazara çıxararaq əlavə gəlir əldə etmiş olur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, rayon və kənd ərazilərinin paytaxta nisbətən havasının təmiz olması da o insanların geri qayıtmasına səbəb olur: “Onu da qeyd edim ki, gəncləri aqronom, zootexnik kimi peşələrə yönəltmək lazımdır: "Diqqət ayrılmalı məsələ məhz aqrar sahədə ixtisaslı kadrların təmin olunmasına nail olmaqdan ibarətdir. Aqrar sektorda ixtisaslı kadrların artırılması ilə bağlı fəaliyyətin gücləndirilməsinə çox ciddi ehtiyac var”.
Günel CƏLİLOVA