Son günlər “Gənclik” metro stansiyasının yanında, Qələbə meydanı ərazisində tunelin tikintisinə çəkilən vəsaitin həcminin həddindən artıq böyük olması müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, bu məsələnin gündəmə gəlməsinə səbəb “Italian Design Holding” şirkətinin rəhbəri Franko Ritsatonun linkedində 2013-cü ildə həmin tunelin tikilməsinə çəkilən xərcin 512 mln. dollar (400 mln. manat) olduğunu qeyd etməsidir. Tunelin tikilməsinə çəkilən xərcin normadan artıq olması sosial medianın tənqid hədəfinə çevrilib.
Məlumat üçün bildirək ki, ümumi uzunluğu 546 metr, eni 16,5 metr olan tunelin inşaat işlərini “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”, tunelin daxili işıqlandırma sistemini isə İtaliyanın dizayn şirkətləri layihələndirib və icra edib.
“İstifadəyə verilən əksər yol və ya tunel bir neçə ildən sonra təmirə dayanır”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli qeyd etdi ki, tunelin tikintisi ilə bağlı layihəyə çəkilən xərc görülən işlə mütənasib deyil.
Həmsöhbətimiz onu da vurğuladı ki, böyük neft pulları dövründə qiyməti ilə görülən işin adekvat olmadığı bir sıra layihələr həyata keçirilib. Bunlar isə əsasən yolların, tunellərin, körpülərin tikintisində özünü daha çox büruzə verib: “Qeyd olunan sahədə çoxlu sayda problem var. Bakıdan Rusiya sərhədinə qədər olan beton yol 20 illik zəmanətlə tikilmişdi. Təəssüf ki, bu günə qədər də həmin yolda təmir işləri aparılmaqdadır. İstifadəyə verilən əksər yol və ya tunel bir neçə ildən sonra təmirə dayanır. Bu sahədə hüquq-mühafizə orqanları tərəfindən yoxlamaların aparılması daha münasib olar”.
Günel CƏLİLOVA