Ölkənin bəzi rayonlarında həyata keçirilən icra başçıları ilə bağlı həbslərdə ortaya konkret cinayətlər çıxdı. Əməliyyat çəkilişləri ilə də sübut edildi ki, icra başçılarının əsas maliyyə maxinasiyalarından biri də işsizlərə ayrılan müavinətlərlə bağlı olub.
Aydınlaşdı ki, icra başçıları həmin kateqoriya adamların adını formal siyahıya qeyd edib, kartlarda olan vəsaiti özlərinin qohumları vasitəsilə nağdlaşdırıb mənimsəyirmişlər. Bu vəziyyətlə bağlı hətta ölkə başçısı da kəskin mövqeyini bir neçə dəfə bildirib. Bakıda baş tutan bir məhkəmədə açıqlanan faktlardan görünür ki, bəzi sabiq nazirlər də “kart maxinasiyaları” ilə məşğul olublar. Belə ki, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun daha bir korrupsiya əməli ortaya çıxıb. Nazirliyin keçmiş işçilərinin məhkəmədə verdikləri ifadələrə əsasən, H.Bağırov nazirlikdə müxtəlif adamların adlarına çoxsaylı maaş kartlarının açılmasına, nəticədə pulların kartlardan çıxarılıb mənimsənilməsinə şərait yaradıb. Və özü də hər ay bu işdən 10 min manat haqq alıb. Üstəlik, iki il əvvəl “kart korrupsiyası” sxemi ilə məşğul olan işçilərindən birdəfəyə 265 min manat alaraq qaytarmayıb. Nazir dəyişəndə bu sxemin üstü açılıb və iştirakçılar məsuliyyətə cəlb olunub. Lakin Hüseynqulu Bağırova hələlik bu işlə bağlı hansısa irad bildirən yoxdur.
Hüseynqulu Bağırovun da qarışdığı mənimsəmə sxemi barədə Bakı Ağır Cinayətlər Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə iclasında danışıblar.
Mənimsəmədə təqsirləndirilən şəxslər nazirliyin Hidrometeorologiya Departamentinin direktoru olmuş Əkbər Həsənov, həmin departamentin baş mühasibi İlqar Hacıyev və departamentin digər əməkdaşları - Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyevdir. Onlardan yalnız İlqar Hacıyev həbsdədir. Digər sabiq nazirlərlə bağlı da bu yöndə araşdırmalar aparılmalıdırmı?
Ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ictimailəşən faktlar çox acınacaqlı mənzərəni canlandırır: “Biz diqqət yetirməliyik ki, bu cür ciddi faktlara artıq hüquqi qiymət verilib. İş məhkəmədədirsə, bunun sonunu da gözləməliyik. Təəssüflər olsun ki, bəzən bu cür hallarla bağlı təqsirləndirilən şəxslər çox yüngül cəza ilə yaxalarını məsuliyyətdən qurtara bilirlər. Burada söhbət ağır cinayətdən gedir. Hesab edirəm ki, məsələyə obyektiv hüquqi qiymət verilməlidir. Yalnız icraçılar deyil, işin başında duranlar da həbs edilməlidir. Nazir, komitə rəhbəri olmasından asılı olmayaraq, hamı öz əməlinə cavab verməlidir. Proses yalnız bir nazirliklə məhdudlaşdırılmamalıdır. Kifayət qədər korrupsiyada adı hallanmış sabiq nazirlər var ki, sərbəst gəzirlər, yığdıqları pullarla özlərinə biznes qurublar, adları ciddi korrupsiya əməllərində hallanıb. Onlarla bağlı aparılmamış cinayət işləri var. Bu şəxslərlə əlaqəli də konkret nəticələrə hesablanan araşdırmalar həyata keçirilməlidir”.
Məhəmmədəli QƏRİBLİ