Bu gün Azərbaycanda yaradılan nəqliyyat infrastrukturu, enerji resurslarının ixrac marşrutları Mərkəzi Asiya ölkələrinin də xüsusi diqqət mərkəzində yer alır. Belə görünür ki, Azərbaycanda yaradılan bu imkanlardan istifadə etməyə çalışan ölkələrdən biri də Türkmənistandır.
Proseslərin təhlili göstərir ki, qarşıdakı dövr ərzində Türkmənistan həm Azərbaycan üzərindən dünya bazarlarına daha çox neft çıxarmaq, həm qaz nəqlini reallaşdırmaq, həm də digər yüklərin çatdırılmasını təmin etməyi düşünür. Hər halda, hər iki ölkə prezidentinin Bakıda mətbuata səsləndirdikləri bəyanatlarda da bunu görmək olar.
Məsələ ilə bağlı Prezident İlham Əliyev qeyd edib: “İqtisadi-ticari sahədə işlər yaxşı gedir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika müşahidə olunur. Biz nəqliyyat-logistika sahəsi haqqında ətraflı söhbət etdik, müvafiq dövlət strukturlarına bu istiqamətdə işin intensivləşdirilməsinə, ölkələrimizin tranzit-nəqliyyat potensialının möhkəmləndirilməsinə dair səylərin əlaqələndirilməsi barədə tapşırıqlar verdik”. Azərbaycan Prezidenti deyib ki, həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturuna çox böyük diqqət yetirildiyini nəzərə alaraq, biz bu infrastrukturun modernləşdirilməsi yolunda praktiki olaraq paralel addımlayırıq: “Bizim əsas limanlarımız əlaqələndirilmiş, uzlaşdırılmış şəkildə işləyir və ərazilərimizdən keçən yükləri artırmağa imkan verir. Biz digər ölkələrə də öz tranzit potensialımızı təqdim edirik. Hesab edirəm ki, biz həmin potensialın möhkəmləndirilməsi barədə mühüm qərar qəbul etmişik. İnfrastruktur imkanlarının təmin edilməsi və yük axınının artırılmasına şərait yaradılması üçün əlavə tədbirlər görüləcək. Təbii ki, qonşularımızla sıx qarşılıqlı əlaqədə və xoş münasibətlərdə olduğumuza görə həmin dövlətlərdən daha çox yükgöndərənləri cəlb edəcəyik və mahiyyət etibarilə uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq. Beləliklə, ölkələrimizin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradacaq, regional əməkdaşlığı möhkəmləndirəcəyik. Əlbəttə, biz enerji sektoru ilə bağlı məsələlər barədə də danışdıq. Burada da yaxşı nəticələr var, çoxdan əməkdaşlıq edirik. Biz bu istiqamətdə gələcək addımlar barədə də danışdıq. Xalqlarımızın etnik yaxınlığı, dillərimizin yaxınlığı, ortaq mədəniyyətimiz nəzərə alınmaqla, ölkələrimiz üçün humanitar əməkdaşlığın vacibliyini qeyd etdik”.
Elə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun da diqqət yetirdiyi əsas sahələrdən biri məhz energetika ilə bağlı olub:“Energetika sahəsi üzərində prioritet məsələ kimi dayandıq. Həm Türkmənistan, həm də Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin, özünü təmin edən dövlətlərdir. Energetika məsələlərinə gəldikdə, biz bu ehtiyatların şaxələndirilməsinin tərəfdarıyıq. Biz belə bir ideya irəli sürürük ki, bu şaxələndirmə istehsalçı, daşıyıcı və son istehlakçı arasında paritet əsasda qurulmalıdır. Buna görə də biz bu gün razılaşdıq ki, bundan sonra da qaz, neft-kimya və başqa sahələr üzrə birgə işləyəcəyik”. Ekspertlər tərəflərin enerji məsələsinə xüsusi diqqət yetirməsini səbəbsiz saymır. Belə görünür ki, qarşıdakı dövr ərzində bu sahədə tərəflərin əməkdaşlığı əhəmiyyətli dərəcədə dərinləşəcək. Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da qeyd edir ki, Azərbaycanın regionda gerçəkləşdirdiyi enerji və nəqliyyat layihələri Türkmənistanın da marağındadır. Rəsmi Aşqabad Azərbaycan üzərindən öz neftini Avropaya ixrac etmək istəyir: “İki ölkə arasında dərin tarixi, mədəni və dini bağlar var. Bundan əlavə Azərbaycan və Türkmənistan arasında iqtisadi, siyasi münasibətlərdə müsbət xəttlə inkişaf edir. Ortaq iqtisadi maraqlar Türkmənistanı Azərbaycan üçün partnyor ölkəyə çevirib. Türkmənistan da Azərbaycan kimi neft və qaz ixrac edən ölkədir. Bu gün Türkmənistan öz qazını İran və Rusiya üzərindən ixrac edir. Hazırda koronavirus epidemiyasına görə İranla sərhədlərini bağlayıb. Bu, istər-istəməz, Türkmənistan iqtisadiyyatına təsirini göstərib. Rusiya üzərindən neft və qaz ixracı isə nisbətən bahadır. Bu səbəbdən Türkmənistan öz qazını Azərbaycan üzərindən Avropaya ixrac etmək istəyir. Mövcud vəziyyətdə türkmən qazının Avropaya nəqlinin ən rahat və ən ucuz yolu Azərbaycan üzərindəndir. Bu baxımdan sözügedən səfər ilk növbədə iqtisadi əhəmiyyət daşıyır“.
Burada onu da xatırlamaq yerinə düşərdi ki, cari ildə Azərbaycan qazının Avropaya çatdırılması reallaşacaq. Bu isə həm Türkmənistanın, həm də Avropanın özünün diqqətini cəlb edir. Belə ki, türkmən tərəfi üçün Azəbaycan üzərindən öz qazını Avropaya çatdırmaq indi daha cazibədardır. Avropa da Azərbaycan üzərindən daha çox qaz almaq isətyir və belə mənbə qismində də məhz Türkmənistan çıxış edir. Bu mənada, məhşur “Transxəzər” kəmərinə maraq daha da artır.
Aydındır ki, “Transxəzər” kəməri çəkilsə, Avropa üçün Xəzər daha maraqlı olacaq. O da faktdır ki, “Transxəzər” qaz kəməri Türkmənistan mavi yanacağının Xəzər dənizindən nəql edilməsinin iqtisadi baxımdan yeganə məqsədəuyğun üsuludur, çünki maye qazın belə qısa məsafədə dəniz yolu ilə nəql edilməsi sadəcə sərfəli deyil. Eləcə də “Cənub Qaz Dəhlizi”nin layihə gücünün 31 milyard kubmetrə bərabər olduğunu nəzərə alsaq, “Transxəzər” qaz kəmərindən qaz nəqlini daha da artırmaq mümkün olacaq. “Transxəzər” qaz kəməri Avropa ölkələrinin digər təchizatçıların inhisarından asılılığını da azalda bilər. Sadəcə, “Transxəzər” boru kəmərini inşa etməzdən əvvəl Bakı və Aşqabad Xəzər dənizində Azərbaycanın və Türkmənistanın offşor yataqları arasında interkonnektor tikilməsi məsələsini həll etməlidir. Türkmənistanın və Azərbaycanın mövcud qaz yataqlarını birləşdirən interkonnektorun tikintisinə cəmi 500 milyon dollar xərc çəkmək lazım gələcək. İnterkonnektorun olması Avropanın uzunmüddətli enerji təhlükəsizliyinə şərait yaradan böyük nailiyyət sayılır.
Nahid SALAYEV