Rus müxalifətçisi, hüquqşünas və blogger Aleksey Navalnıy erməni soyadlı məşhur cütlüyə - Marqarita Simonyan və Tigran Keosayana həsr etdiyi korrupsiya risqləri ilə bağlı araşdırma yayıb. Navalnıy təhqiqatını "Parazitlər" adlandıraraq, Rus təbliğatının ön sıralarında duran cütlüyün şübhəli sxemlərdən və fəndlərdən istifadə edərək Rusiya dövlətindən və ictimai mənbələrdən necə qazandıqlarını göstərib.
Rusiyadakı dəhşətli korrupsiya miqyasından danışan Navalnıy həm də Rusiyada bir çox insanın, o cümlədən erməni teleaparıcıların Putinə olan böyük sevgidən deyil, çoxlu pulun mənimsənilməsindən qaynaqlandığını, pulların ölçüsünün peşə vicdansızlığı və əxlaqsızlıqla birbaşa mütənasib olduğunu faktlarla deyir. Navalnıy araşdırmasında Marqarita Simonyanın və əri Tiqran Keosayanın dövlət reklamçıları ilə telekanal arasındakı vasitəçi xidmətlərindən, həmçinin NTV üçün proqram hazırlanmasından qazandığı yüz milyonlarla rubldan bəhs edib. Məlum olub ki, Simonyan və əri 3 reklam agentliyi, bir studiya və iki şirkət vasitəsilə 3 ildə 720 milyon rubl qazanıb. Araşdırma Navalnının rəhbəri olduğu fondun əldə etdiyi çox sayda maliyyə və mühasibat məlumatları əsasında hazırlanıb. Navalnının sözlərinə görə, bu məlumatları açıq mənbədə yoxlayıb və həqiqiliyinə əmin olandan sonra dərc edib.
Bu arada erməni mediası bu təhqiqatdan narahat olub və yazır ki, sözügedən təhqiqat Ermənistan üçün müəyyən risqlər daşıyır. Erməni soyadlı cütlüyün bir çox qohumları ilə birlikdə dövlətin cibindən böyük pulları özlərinə necə köçürmələrini antierməni təbliğatda istifadə olunacağına işarə edir və bunu Rusiyadakı müəyyən dairələrin sırf milli baxımdan qəbul edə biləcəyindən narahatdılar.
Onu da qeyd edək ki, Marqarita Simonyan Kremlin təbliğat kanalı “Russia Today”in (RT) və "Sputnik" informasiya agentliyinin baş redaktorudur. Fürsət yaranan kimi Azərbaycan əleyhinə yazılar verir.
“Rusiya müxalifət liderinin Simonyan ailəsinin korrupsiya əməllərini ifşa etməsi məhz ermənilərin bu sahədə necə cinayət əməllərinə yol verməsinin sübutudur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, məlum araşdırma erməni lobbisinə güclü zərbədir: “Rusiyanın KİV məkanında ermənilərin mövqeyinin müəyyən dərəcədə mühüm rol alması orada onların rüşvət pramidasından istifadəsinin nəticəsidir. Məhz bu istiqamətdə ermənilər Rusiyanın bir sıra rəsmiləri ilə işbirliyi qurub və bu kimi məsələlərdə rollarını artırıblar. Hesab edirəm ki, Marqarita Simonyan və onun ərinin bu gün Rusiyanın informasiya məkanında mövqeyi, bundan istifadə edərək topladığı sərvət elə birbaşa Moskvanın əleyhinə işləyəcək. Rusiya müxalifət liderinin Simonyan ailəsinin korrupsiya əməllərini ifşa etməsi məhz ermənilərin bu sahədə necə cinayət əməllərinə yol verməsinin sübutudur. Simonyan bu sərvət hesabına Rusiyanın xarici siyasətinin zədələnməsi istiqamətində də işlər aparır. Məhz Simonyanın NTV-də Türkiyə və Azərbaycan əleyhinə verlilişləri Moskvanın siyasətinə ziddir. Ancaq rüşvət və korrupsiya girdabına düşmüş müəyyən qruplar buna göz yumur. Simonyan ailəsinin əsas missiyası həm də Rusiyada Türkiyə və Azərbaycan haqqında mənfi bir rəy formalaşdırmaqdır. Hesab edirəm ki, Rusiya elitası və siyasi dairələri bu antitəbliğat maşınını durdurmalı, Simonyan ailəsinin korrupsiya əməlləri ilə bağlı araşdırma aparmalıdır. Onların fəaliyyəti əsasən öz sərvətlərini inkişaf etdirmək və Türkiyəyə, Azərbaycana qarşı antisiyasi fikir formalaşdırmaqdır”.
Vidadi ORDAHALLI