Rusiya və Türkiyə arasında Suriya ilə bağlı Moskvada əldə olunan razılıq bu iki ölkənin Yaxın Şərq əməkdaşlığının davam edəcəyini göstərirsə də, məsələyə fərqli yanaşanlar da az deyil.
Xatırladaq ki, Moskvada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüşdən sonra tərəflər atəşkəs və əməkdaşlığın davam etdirilməsinə dair razılıq əldə edib. Görünən budur ki, Qərb ölkələri bu razılıqdan o qədər də məmnun deyil. Ümumiyyətlə, Ankara ilə Moskva arasında yaxınlaşmanın geosiyasi nəticələrinin olması qaçılmaz sayılır. Bu prosesin bütövlükdə qlobal siyasətə, o cümlədən Cənubi Qafqazda da təsir edəcəyi istisna edilmir. İndiki durumda İrəvan Rusiya - Türkiyə münasibətlərinin normallaşmasını özünə təhlükə kimi qiymətləndirsə də, real heç bir addım ata bilmir. Azərbaycanın isə bu məsələdə mövqeyi bəllidir.
Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Azərbaycan bu məsələnin tezliklə diplomatik yolla tənzimləməsinin tərəfdarıdır: “Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfərini və bu səfər çərçivəsində əldə olunmuş razılaşmaları yüksək qiymətləndiririk. Suriyada yaranmış vəziyyət diplomatik yolla həllini tapmalıdır. Bu təkcə gərginləşmə ilə bağlı deyil, eyni zamanda humanitar böhranın yaranmasına yol açan problemdir. Ölkələr bu sahədə əldə olunmuş razılaşmalara riayət etməlidir. Suriyada vəziyyətin gərginləşdirilməsinə, qarşıdurmanın artmasına, müharibənin qızışdırılmasına yol verilməməlidir”.
Azərbaycandakı bəzi radikal müxalif dairələrə bağlı olan şəxslər belə məlumatlar dövriyəyə buraxırlar ki, Türkiyə ilə Rusiya arsında əldə olunan razılaşma hər an pozula bilər və bunun üçün də Azərbaycan hansı ölkəni dəstəkləyəcəyi ilə bağlı dilemma qarşısında qalıb. Bu fikirləri nə dərəcədə əsaslı saymaq olar?
Mübariz Əhmədoğlu: “Türkiyə ilə Rusiya arasında münasibətlər nə qədər gərginləşsə də, biz hadisələrin episentrində olmamalıyıq”
Siyasi Texnologiyalar və İnnovasiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyə ilə Rusiya arasındakı münasibətlərin gərginləşə biləcəyini ehtimal etmək olar: “Bu, hətta çox böyük müharibəyə çevrilə bilər. Təbii, tərəflərin hər ikisi istəyir ki, Azərbaycanı öz tərəfində görə bilsin. Ancaq Azərbaycan bu məsələdə maksimum neytralığını qorumağa çalışır. İlham Əliyev MDB məkanında yeganə prezidentdir ki, müxtəlif istiqamətlərdən gələn təzyiqləri ölkənin üzərindən çox uğurla keçirə bilir. Rusiya MDB məkanındakı bütün ölkələrə təzyiqlər edir. Hətta deyərdim ki, Kremldə MDB-nin hər bir dövlətilə bağlı təzyiq strategiyası mövcuddur. Belarus, Ukrayna və başqa ölkələrlə bağlı Rusiyanın yürütdüyü siyasət göz qabağındadır. Azərbaycana da həmin ölkənin həmlələrini bilirik. Buna baxmayaraq, biz soyuqqanlı davranmalıyıq. Türkiyə ilə Rusiya arasında münasibətlər nə qədər gərginləşsə də, biz hadisələrin episentrində olmamalıyıq. Əlbətdə, bu iki ölkə arasındakı münasibətlərin yaxınlığından biz fayda götürə bilirik. Ancaq o demək deyil ki, baş verə biləcək gərginlikdən itki ilə çıxarıq. Vəziyyət aydınlaşandan sonra Azərbaycan iki dövlətin daha da yaxınlaşması istiqamətində səylərini göstərə biləcək. Biz bu cür mühüm vasitəçilik missiyasını 5 il əvvəl gördük. Təyyarə olayına görə iki ölkə arasında gərginləşən münasibətin tənzimlənməsində Azərbaycanın rolunun olması etiraf edildi”.
Məhəmmədəli QƏRİBLİ