Azərbaycanda səfərdə olan Türkmənistan prezidenti ilə görüşün ümumi nəticələlərini dəyərləndirərkən Prezident İlham Əliyev maraqlı bir meqa layihənin gercəkləşdiriləcəyinin anonsunu verib:
“Şadam ki, iqtisadi-ticari sahədə işlər yaxşı gedir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika müşahidə olunur. Bu gün biz nəqliyyat-logistika sahəsi haqqında ətraflı söhbət etdik, müvafiq dövlət strukturlarına bu istiqamətdə işin intensivləşdirilməsinə, ölkələrimizin tranzit-nəqliyyat potensialının möhkəmləndirilməsinə dair səylərin əlaqələndirilməsi barədə tapşırıqlar verdik. Həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturuna çox böyük diqqət yetirildiyini nəzərə alaraq, biz bu infrastrukturun modernləşdirilməsi yolunda praktiki olaraq paralel addımlayırıq. Bu gün bizim əsas limanlarımız əlaqələndirilmiş, uzlaşdırılmış şəkildə işləyir və ərazilərimizdən keçən yükləri artırmağa imkan verir. Biz digər ölkələrə də öz tranzit potensialımızı təqdim edirik. Hesab edirəm ki, bu gün biz həmin potensialın möhkəmləndirilməsi barədə mühüm qərar qəbul etmişik. İnfrastruktur imkanlarının təmin edilməsi və yük axınının artırılmasına şərait yaradılması üçün əlavə tədbirlər görüləcək. Təbii ki, qonşularımızla sıx qarşılıqlı əlaqədə və xoş münasibətlərdə olduğumuza görə həmin dövlətlərdən daha çox yükgöndərənləri cəlb edəcəyik və mahiyyət etibarilə uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq. Beləliklə, ölkələrimizin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradacaq, regional əməkdaşlığı möhkəmləndirəcəyik”.
Göründüyü kimi, İlham Əliyev xüsusi olaraq vurğulayır ki, söhbət uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizini yaratmaq planından gedir. Bu açıqlamadan görünür ki, məsələ artıq konkretləşib və söhbət böyük bir meqalayihənin həyata keçiriləcəyindən gedir.
Qeyd edək ki, bu ayın əvvəlində Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında da İlham Əliyev belə bir layihəyə işarə etmişdi:
“Hamınızı gələn ilin fevralında qonağımız olaraq buraya dəvət etmək istəyirəm. Çünki hesab edirəm ki, TAP-ın tikintisinin tamamlanması bizim komanda işimizin sonu demək deyil”.
Bütün bunlar onu deməyə əsas verirmi ki, Azərbaycan Türkmənistanla yeni bir layihəni reallaşdırmağın bir addımlığındadır?
İlham Şaban: “Ehtimal etmək olmaz ki, burda söhbət sırf türkmən qazının ixracından gedir”
Neft məsələri üzrə ekspert İlham Şaban “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hansısa layihənin razılaşdırılması ola bilər: “Ancaq tam ehtimal etmək olmaz ki, burda söhbət sırf türkmən qazının ixracından gedir. Çünki hələlik həmin məhsulun alıcısı tam müəyyənləşməyib. Həm də infrastrukturun reallaşmasına maraqlı olan bir şirkət istəyini bəyan etməyib. Görürsünüz ki, orda söhbət uzunluğu min kilometrlərlə olan dəhlizdən gedir. Sırf qaz nəqli nəzərdə tutulsaydı deyərdilər ki, boru xətti. Mənə elə gəlir ki, burda söhbət dəmiryol dəhlizindən gedir”.
Elşən Əliyev: “Mövcud vəziyyətdə türkmən qazının Avropaya nəqlinin ən rahat və ən ucuz yolu Azərbaycan üzərindəndir”
İqtisadçı Elşən Əliyev isə “Bakı-Xəbər”ə bildirdi ki, Türkmənistan yaranmış vəziyyətlə bağlı öz resurslarını xarici bazara çıxarmaq üçün əlavə yollar axtarır: “Türkmənistanın da satmaq istədiyi qazdı. Mənə elə gəlir ki, söhbət elə həmin resursun xarici bazara Azərbaycan vasitəsilə çıxarılmasından gedir.Türkmənistan öz qazını İran və Rusiya üzərindən ixrac edir. Hazırda İran ciddi embarqo altındadır. Rusiya üzərindən qaz ixracı isə nisbətən uzun və bahadır. Bu səbəbdən Türkmənistan öz qazını Azərbaycan üzərindən Avropaya ixrac etmək istəyir. Mövcud vəziyyətdə türkmən qazının Avropaya nəqlinin ən rahat və ən ucuz yolu Azərbaycan üzərindəndir. Yeni layihə ilə bağlı verilən anons məhz bu məsələni əhatə edə bilər”.
Məhəmədəli QƏRİBLİ