“XX əsrin əvvəllərində Rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki, orada indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır”.
Bu fikirləri Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.
Ölkə başçısı deyib ki, beynəlxalq qurumlarda deputatlar fəal olmalıdır: “Beynəlxalq fəaliyyətlə bağlı demək istərdim ki, bizim deputatlar bir neçə beynəlxalq təşkilatda təmsil olunurlar. Əlbəttə ki, orada əvvəlki illərdə də fəallıq kifayət qədər yüksək idi. İndiki dövrdə daha da yüksək olmalıdır. Çünki biz Azərbaycan həqiqətlərini çatdırmalıyıq. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya. Bu, əslində onların xislətidir. Onlar geniş şəbəkə çərçivəsində bəzi siyasətçiləri satın alırlar. Bu da heç kimə sirr deyil. Belə olan halda onların tarixi saxtakarlığına, elə bil ki, bəraət qazandırılır. Ona görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar”.
Prezident onu da qeyd edib ki, müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir: “Mən bunu edirəm. Bir çox müsəlman ölkələrinin liderlərinə bu şəkilləri göstərirəm. Əgər bunu geniş siyasi elita görsə, onda əlbəttə ki, o ölkələrin rəhbərləri üçün Ermənistan rəhbərləri ilə ağız-ağıza öpüşmək ayıb olar. Biz bunu deməliyik, deməliyik ki, təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı bu faşist rejim müharibə elan edib, bizim məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb. Amma biz bu məlumatı kifayət qədər çatdıra bilmirik. Ona görə bu, xüsusi bir istiqamət olmalıdır”.
Həqiqətən də Prezidentin bununla bağlı səsləndirdiyi iradlar reallığı əks etdirir. İndiyə qədər sadalanən məsələlərlə bağlı deputatlar gərəkən fəallığı nümayiş etdirsəydilər, o zaman erməni yalanlarının ifşa edilməsi ilə bağlı xeyli iş görülmüş olardı.
“Bəzən bununla bağlı yazılanları çap etmirlər və yaxud da çap olunanları tərcümə etməyə kömək göstərilmir”
Məsələyə münasibət bildirən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin sözlərinə görə, deputatlar Prezidentin bununla bağlı çağırışından ciddi nəticə çıxarmalıdır: “Çünki ermənilərin yaratdığı diaspor təşkilatları antitürk və anti-Azərbaycan siyasəti aparır. Onlar cürbəcür adlarla özləri barədə saxta tarix yazırlar. Azərbaycan tarixi ilə bağlı elə bir məsələ yoxdur ki, ermənilər orada saxtakarlığa əl atmasınlar. Həqiqətən də XX əsrin əvvəllərində dərc olunan Rusiya xəritələrində erməni toponimi yoxdur. Ermənilərin nə atributu var, nə də tarixi mənbəyi. Sonrakı dövrdə də bu proses davam etdirilməli idi. Ancaq SSRİ dönəmində buna imkan verilmədi. Ona görə də bunların sistemləşdirilib təbliğinə ehtiyac var. Uzun illərdir Qarabağ tarixi ilə bağlı aparılan araşdırmalara rəhbərlik edirəm. Ən azı 40-a qədər mövzu vermişik və bunlar yazılıb. Ancaq bunların dünyada təbliği yetərli səviyyədə deyil. Yazmaqla iş bitmir ki. Bəzən bununla bağlı yazılanları çap etmirlər. Bəzən çap olunur, amma xarici dildə çap etmək çətin olur. Tərcümə etməyə kömək göstərilmir. Ona görə də Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər çox önəmlidir. Təbliğat işi çox önəmlidir. Deputatlar beynəlxalq müstəvidə bu yöndə yetərli səviyyədə aktivlik göstərmir. Ona görə də bu xəritələr təbliğ edilməlidir. Dünya ictimaiyyəti bilməlidir ki, ermənilər hansı saxtakarlıqlara yol veriblər, hansı cinayətlər törədiblər. Hətta xristian həmrəyliyi məsələlərinin ortaya atılıb müsəlman dünyasına qarşı təxribatların çoxunda ermənilərin rolu var. Bütün bunlar ortaya çıxmalıdır. Bununla belə, deputatlar müsəlman ölkələrin parlament üzvləri ilə görüşlərdə məscidlərin məhv edilməsi ilə bağlı şəkilləri yaymalıdılar. Bütün işi prezident görə bilməz. Deputatlar bununla bağlı səylərini artırmalıdır. Belə olarsa, o zaman daha ciddi nəticələr əldə etmək olar”.
Vidadi ORDAHALLI