Məlum olduğu kimi, Türkmənistan prezidenti Azərbaycanda rəsmi səfərdə olub və bir sıra vacib sənədlər imzalayıb. Əldə olunan razılaşmalardan sonra Prezident İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev bildirib ki, imzalanmış sənədlər arasında dövlət başçılarının Birgə Bəyanatını xüsusi qeyd etmək lazımdır: “Bu sənəddə bizim niyyətlərimiz, dünyada, regionda vəziyyətə verdiyimiz qiymət və gələcəyə istiqamətlənməyimiz öz əksini tapıb. Mən, həmçinin hesab edirəm ki, Birgə Bəyanatın mühüm bəndlərindən biri ölkələrimizin ərazi bütövlüyünün, sərhədlərinin və suverenliyinin toxunulmazlığının bir daha dəstəklənməsi, eləcə də münaqişələrin beynəlxalq hüququn prinsipləri və ərazi bütövlüyü, sərhədlərin və suverenliyin toxunulmazlığı prinsipləri əsasında həllidir.
Şadam ki, iqtisadi-ticari sahədə işlər yaxşı gedir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika müşahidə olunur. Bu gün biz nəqliyyat-logistika sahəsi haqqında ətraflı söhbət etdik, müvafiq dövlət strukturlarına bu istiqamətdə işin intensivləşdirilməsinə, ölkələrimizin tranzit-nəqliyyat potensialının möhkəmləndirilməsinə dair səylərin əlaqələndirilməsi barədə tapşırıqlar verdik. Həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturuna çox böyük diqqət yetirildiyini nəzərə alaraq, biz bu infrastrukturun modernləşdirilməsi yolunda praktiki olaraq paralel addımlayırıq”.
Göründüyü kimi, ölkə başçısı əldə olunan razılaşmalar sırasında Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiyinə dair sənədin olduğunu bildirib. Türkmənistanın bu mövqeyi yalnız Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək anlamını daşımır. Bu, eyni zamanda, Ermənistanın Xəzərin o biri tərəfinə uzanan əlinin kəsilməsi anlamına gəlir. Çünki Ermənistan Türkmənistanla bir çox sahələrdə əməkdaşlıq etməyə meylli idi. Xüsusilə də İran vasitəsilə bəzi ticari razılaşmaları həyata keçirmək istəyirdi. Türkmənistanın ərazi bütövlüyümüzü dəstəkləməsi, çox güman ki, Ermənistanın bu istəklərini ürəyində qoymuş olacaq. Çünki bu mövqe eyni zamanda Ermənistanın işğalçı ölkə olmasını təsdiq etmək anlamına gəlir. Bu istiqamətdə Ermənistanın aldığı zərbəni necə dəyərləndirmək olar?
Elşən Mustafayev: “Bu, Ermənistana vurulan ciddi zərbədir”
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın yürütdüyü siyasət onu bütün layihələr və əməkdaşlıq formatlarından kənarda saxlayır: “Bu səbəbdən də, Ermənistan özünə yeni çıxış yolları axtarır. Xüsusilə də Azərbaycanın yaxın münasibətdə olduğu ölkələrlə daha sıx əməkdaşlığa meyl edir. Biz bunu İsrailin timsalında da gördük. Hətta Ermənistan İsraildə səfirliyini də açdı. Azərbaycanı Orta Asiya ölkələri ilə bir çox dəyərlər birləşdirir. Həmin ölkələrdən biri də Türkmənistandır. Bu ölkə ilə biz həm sərhədik, həm də orta mədəniyyətə, milli kimliyə sahibik. Son zamanlar Azərbaycanın bu türkdilli ölkə ilə əməkdaşlığı bütün sahələr üzrə ciddi inkişaf edir. Bu səbəbdən də Ermənistan Türkmənistanı da öz hədəfinə almışdı. Burada İranın da rolunu xüsusi qeyd etməliyik. İranın hər iki ölkə ilə sərhəddinin olması Ermənistanı bir qədər həvəsləndirmişdi. Hətta İran ərazisi vasitəsilə yanacaq alveri də etmək istəyirdilər. İranın tam sanksiyalar altına düşməsi bu planın reallaşmasını ümumiyyətlə mümkünsüz etdi. İndi də biz görürük ki, Türkmənistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, Ermənistana vurulan ciddi zərbədir. Bununla faktiki olaraq Türkmənistan haqqın yanında olduğunu bəyan edir. Eyni zamanda Ermənistanı dolayısı ilə işğaldan əl çəkməyə çağıran ölkələrin sırasına olduğunu bildirmiş olur. Ermənistan anlamalıdır ki, onun yeganə çıxış yolu işğaldan əl çəkməkdir. Belə olmasa, Ermənisatnın etdiyi yersiz çabalar Türkmənistanla olan münasibətdəki kimi özünü yerindəcə boğacaq”.
Məhəmmədəli QƏRİBLİ