Məlum olduğu kimi Belçikanın Vaterlo şəhərində Azərbaycanın böyük ədibi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizm törədilib. X.Natəvanın abidəsinə qarşı vandalizm aktının kimlər tərəfindən törədildiyi dəqiq məlum olmasa da, heç şübhəsiz ki, burada erməni barmağının olması istisna deyil. Cinayət aktının Ermənistanın Baş naziri Nikol Paşinyanın Belçika səfəri zamanı törədilməsi isə bu şübhələri daha da gücləndirir.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Belçikanın Vaterlo şəhərində X.Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsinə münasibət bildirib. Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva mətbuata açıqlamasında deyib ki, Belçikanın Vaterlo şəhərində 2016-cı ildə ucaldılmış ölkəmizin görkəmli şairəsi, Qarabağ xanının qızı X.Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı Vaterlo polisi tərəfindən cinayət işi açılıb. “Heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir və bu səbəbdən sözügedən hadisə polis tərəfindən araşdırılır.
Əlbəttə, bu vandalizmin Ermənistan Baş nazirinin Belçikaya səfəri zamanı baş verməsi diqqəti cəlb edir. Qeyd etmək istərdim ki, ölkəmizin Belçika Krallığındakı Səfirliyinin əməkdaşları dərhal hadisə yerinə gedərək yerli hakimiyyət orqanları ilə təmaslar qurublar. Məsələ səfirliyimizin nəzarətində saxlanılır və araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - L.Abdullayeva qeyd edib.
Burada əsas diqqətçəkən məsələ, dediyimiz kimi, olayın Paşinyanın səfəri zamanı baş verməsidir.
“...Ermənistanın illərdir apardığı saxta siyasətin ifşasında mühüm rollardan birini oynayır”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, böyük Azərbaycan şairəsi Natəvanın heykəlinə qarşı həyata keçirilən vandalizm aktı təsadüfi xarakter daşımır. Q.Hacıyev hesab edir ki, olay məqsədli şəkildə, özü də Paşinyanın və erməni lobbisinin razılığı, göstərişi ilə törədilib. Natəvanın Belçikadakı abidəsinin Qarabağın simvollarından biri olduğunu deyən Q.Hacıyevin sözlərinə görə, Natəvanın Qarabağ hökmdarının qızı, Qarabağ hökmdarı İbrahim xanın nəvəsi, Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın nəticəsi olması beynəlxalq ictimaiyyətə, abidəni ziyarətə gələnlərə çox böyük informasiya verir. O qeyd etdi ki, Natəvanın abidəsini ziyarət edən hər bir əcnəbi onun Qarabağ xanının qızı olduğunu bilir və Qarabağ tarixi haqqında daha dərindən maraqlanır. Bu faktın da ermənilərə, xüsusən də faşizm siyasəti yürüdən Ermənistana böyük zərbə vurduğunu deyən Q.Hacıyevin sözlərinə görə, abidəyə qarşı vandalizm aktı da bundan qaynaqlanır: “X.Natəvanın Belçikadakı abidəsi Qarabağın simvollarından biri olmaqla yanaşı, həm də Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təlqin edir. Əlbəttə, Natəvanın heykəlinin Qarabağın simvolu kimi diqqəti cəlb etməsini erməni lobbisi qətiyyən həzm edə bilmir. Dediyim kimi, Natəvanın abidəsi beynəlxalq aləmə Qarabağ həqiqətləri ilə bağlı çox dəqiq informasiyalar verir, bu da Ermənistanın illərdir apardığı saxta siyasətin ifşasında mühüm rollardan birini oynayır”.
Bundan əlavə, Q.Hacıyev qeyd etdi ki, abidəyə qarşı vandalizm aktının baş verməsinin əsas səbəblərindən biri də Türkiyə və Rusiya arasında münasibətlərin istiləşməsidir. Onun sözlərinə görə, iki böyük dövlət arasında münasibətlərin yeni mərhələsi erməniləri əndişəyə salıb və buna görə də onlar mümkün qədər daha çox təxribat törətmək istəyirlər. “Sözsüz ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatçı siyasətin nəticəsində bu olay baş verib. Ermənistan Rusiya və Türkiyə arasında gedən danışıqlardan, iki dövlət arasındakı münasibətlərin isinişməsindən ermənilər hədsiz dərəcədə xoflanırlar. Bu gün erməni mətbuatında gedən yazılar da, diplomatların çıxışları da onların bu münasibətdən hədsiz dərəcədə narahat olduğunu göstərir. Düzdür, İdlibdə Türkiyə əsgərləri şəhid olsa da, hazırda Türkiyə ilə Rusiya arasında münasibətlət gərgin deyil. Erməni mətbuatı açıq şəkildə yazır ki, Rusiya və Türkiyə yaxınlaşması Dağlıq Qarabağ probleminin həllinə kömək ola bilər və Azərbaycanın işğal altında olan torpaqları geri qaytarılar. Ermənilər bunu bütün vasitələrdən istifadə edərək diqqətə çatdırırlar. Hesab edirəm ki, Natəvanın Belçikadakı abidəsinə qarşı vəhşiliyin, vandalizm aktının törədilməsində ermənilər əsas iştirakçıdır və bu, Paşinyanın razılığı ilə həyata keçirilib. Bilirsiniz ki, ermənilər birinci dəfə deyil ki, Azərbaycanın böyük şəxsiyyətlərinin abidələrinə qarşı vandalizm aktı törədirlər. Şuşa şəhərində Natəvanın, Üzeyir Hacıbəyovun və Bülbülün abidəsinin gülləyə tutulması faktdır və hazırda o abidə muzeydə saxlanılır. Natəvanın Belçikadakı abidəsinə qarşı vandalizm hərəkəti də bunun davamıdır. Burada başqa bir məqam da var. Ermənistanın faşizmi dövlət siyasətinə çevirməsini, Njdeyə və digər faşist əlaltılarına heykəl qoymasını Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də diplomatlarımız dəfələrlə ifşa ediblər. Onlar da Natəvanın abidəsinə qarşı vandalizm törətməklə həm də öz aləmlərində bizə cavab vermiş olublar. Fakt budur ki, ermənilər, Ermənistan hökuməti zaman-zaman vandalizmin, zorakılığın, faşizm ideologiyasının əsas ilham qaynağı olub” - deyə Q.Hacıyev bildirdi.
Q.Hacıyev hesab edir ki, Belçikanın əlaqədar qurumları tərəfindən bu fakt tam araşdırıldıqdan sonra bu işin ermənilər tərəfindən törədildiyi bir daha təsdiqlənəcək.
İradə SARIYEVA