“Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz”. Bunu Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.
Ölkə başçısının sözlərinə görə, altıncı çağırış Milli Məclis bu sahədə öz sözünü deyəcək: “Eyni zamanda, Prezident Administrasiyasının nümayəndələri son vaxtlar, demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Mənə bu görüşlər haqqında müntəzəm olaraq məruzə edilir. Bütövlükdə, ilkin rəy müsbətdir. Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir”.
Prezident onu da qeyd edib ki, Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır: “Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır”.
Prezident bildirib ki, həm seçkilər, həm də seçkilərdən sonra keçən dövr, iqtidar tərəfindən siyasi partiyalara yönəlmiş addımlar - bütün bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks etdirir: “Bu, bizim islahatçı kursumuzu əks etdirir”.
Görünən odur ki, ölkədə siyasi dialoqun yeni mərhələsinə start verilir. Bütün bunlar siyasi islahatlara ciddi təkan verəcək.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?
“Siyasi dialoq dövlətin inkişafına xidmət edir”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, ölkə Prezidentinin siyasi dialoqa xüsusi önəm verməsi mühüm hadisədir: “Hesab edirəm ki, siyasi dialoq çərçivəsində aparılan islahatlar daha effektli nəticələrə gətirib çıxaracaq. Ona görə də Prezidentin məlum yanaşması alqışalayiqdir. Onu da qeyd edim ki, biz əvvəllər də təşkilat olaraq dialoqun tərəfdarı olmuşuq. Bu il də seçkilərdə aralıq hesabat olaraq 3 təklif irəli sürmüşdük. Onlardan birə də partiyalar çərçivəsində iqtidar-müxalifət dialoqunun təşkili ilə bağlı idi. Bütövlükdə, Prezidentin bu təkliflə çıxış etməsi alqışlanmalıdır. Ona görə ki, demokratik bir cəmiyyətdə çoxpartiyalı sistemdə siyasi təşkilatların dialoqu lazımdır. Çünki siyasi dialoq dövlətin inkişafına xidmət edir. İslahatların daha səmərəli fayda verməsinə şərait yaradır. Prezident daim öz siyasətində bunu önə çəkirsə, əlbəttə ki, bunu dəstəkləmək lazımdır. Hesab edirəm ki, hansısa bir məsələ ilə bağlı partiyaların toplantısını keçirmək olar. Bununla belə, toplantıya bütün partiyaları dəvət etməyə də ehtiyac yoxdur. Çünki Azərbaycanda 55 siyasi partiya var. Fikrimcə, real partiyalarla dialoq aparmaq lazımdır. Bir papkası və bir də özü olan partiyaların dialoqa dəvət olunmasına ehtiyac yoxdur”.
Vidadi ORDAHALLI