İşğalçı Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə kifayətlənməyib, Qarabağ münaqişəsinin başvermə səbəblərini də təhrif etməkdən qalmır. Bütün beynəlxalq qurumlara, xarici dövlət başçılarına çatdırmaq istəyir ki, guya bu münaqişə Qarabağın erməni və azərbaycanlı əhalisi arasında gedir, bu bir etnik qarşıdurmadır. Əslində isə belə deyil. Faktiki olaraq, ermənilər Dağlıq Qarabağ və ətraf rayonlarda son iki yüz ildə yerləşdirilib və onlar bu torpaqlarda tarixən yaşamayıblar. Lakin bütün dünya bilir ki, Ermənistan silah gücünə, eyni zamanda da bəzi böyük dövlətlərin dəstəyi, havadarlığı ilə Azərbaycan ərazilərini qəsb edib.
Dağlıq Qarabağ münaqişəsinin gerçək mahiyyəti ermənilərin Azərbaycan torpaqlarına sahiblənməsi və ərazilərini genişləndirmək istəyi ilə bağlıdır. Lakin bir çox halda, qeyd etdiyimiz kimi, ermənilər Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini gizlədərək onu bölgədə mövcud olan(?) islam-xristian qarşıdurması kimi qələmə verməyə çalışırlar. Halbuki, bu gün erməniləri çıxmaq şərtilə, Azərbaycanın bölgədə yaşayan heç bir xristian xalqı ilə problemi yoxdur. Dağlıq Qarabağı və ətraf rayonları işğal etməklə Ermənistan bölgədə hələ ki, söndürülməsi mümkün olmayan bir münaqişə ocağı yaradıb.
Onu da qeyd edək ki, ermənilər tərəfindən Qarabağ münaqişəsi ilə bağlı “Vikipediya”da Azərbaycan dilində yerləşdirilən məqalədə də bu, belə qeyd edilir: “1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir”. Əlbəttə, burada söhbət Ermənistanın torpaqlarımıza təcavüzündən və bu münaqişəni xristian-müsəlman münaqişəsi kimi təbliğ etməsindən gedir.
Tarixçilər vurğulayırlar ki, müasir informasiya və texnologiya dövründə, elmi innovasiyaların nüfuz etdiyi bir vaxtda ermənilərin Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini gizlətməsinin özü gülüncdür. Çünki artıq dünyanın bütün ölkələri yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsi etnik münaqişə deyil, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində baş verən bir savaşdır.
Müstəqil Azərbaycan dövlətinin ərazisində ənənəvi olaraq milli azlıqlar (o cümlədən, ermənilər), habelə müxtəlif konfessiyaların nümayəndələri yaşayırlar. Xalqımız ta qədimdən genişürəkli və humanist olması ilə səciyyələnir.
Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı qeyd edir ki, Qarabağ münaqişəsi, problemi kimi tanınan məsələ Azərbaycanın torpaqlarının, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun, cəmi 14 min kvadratkilometrlik ərazinin Ermənistan tərəfindən işğal edilməsindən ibarətdir. Ermənistan və onun havadarlarının işğal faktına başqa don geyindirmək cəhdlərinin heç bir əsası yoxdur. “Qarabağ müharibəsinin kökündə həm Azərbaycana qarşı əsassız ərazi iddiaları, həm də İslam dünyasının mövqelərinin zəiflədilməsinə cəhd dayanır. Ona görə də mən bu müharibəni həm də İslam dünyasına qarşı təcavüz kimi nəzərdən keçirirəm.
Xristian qəsbkarları tarix boyu ermənilərdən müsəlman ölkələrinə qarşı dəfələrlə istifadə ediblər. Buna dair Türkiyə, İran, Azərbaycan, Yaxın Şərq və digər ölkələrin tarixində çoxlu sayda nümunə var. Ermənilərin islam dininə uyğunlaşa bilməmələri, islama düşmən münasibət sərgiləmələri onlardan bu yolda istifadə olunmasını şərtləndirir. İslamın ilk xəlifələrindən Həzrət İmam Əli (ə) də bu fakta diqqəti yönəltmiş, ermənilərin islama qəbul edilməməsi ilə bağlı göstəriş də vermişdi. Dünyanın elə bir xalqı yoxdur ki, onun müəyyən bir hissəsi, heç olmasa, tanınmış bir şəxsi islamı qəbul etməsin. Yalnız ermənilər bu mənada istisna təşkil edirlər, bir nəfər də tanınmış erməni olmayıb ki, islamı qəbul etsin və ya islam haqda müsbət fikir səsləndirsin.
XVII əsrdə Osmanlı imperiyasında sırf konyuktur maraqlar baxımından bir qrup erməni islamı qəbul etdi, onlara “amşen” deyilirdi. İndi onların az bir qismi Türkiyədə və Şimali Qafqazda qalmaqdadırlar, lakin nə erməni kimi erməni, nə də müsəlman kimi müsəlmandırlar. Ona görə də ermənilərin həmişə antiislam cəbhəsində, düşərgəsində yer alması heç kəsi təəccübləndirməməli və hər kəs tərəfindən nəzərə alınmalıdır.
Ermənilər bu regiona yad ünsür kimi gəliblər, bir neçə yüz il sonra xristian dinini qəbul ediblər və bundan sonra böyük xristian dövlətlərinin himayəsinə sığınaraq ətraf ölkələrdən torpaq almağa çalışıblar. Böyük xristian dövlətləri ermənilərin bu istəklərindən öz maraqları üçün yararlanmağa çalışıblar. Erməni müəllifləri özləri etiraf edirlər ki, haylar (ermənilər) e.ə VIII əsrdə Balkanlarda yaşayırdılar, həmin vaxt kimmeri tayfaları o ərazilərdən keçərək Kiçik Asiyaya gəlir, erməniləri də özləri ilə gətirirlər. Ermənilər indiki Türkiyə ərazisində bu cür peyda olublar. Onların digər ərazilərə yayılması Ərəb Xilafətinin vaxtına təsadüf edir. Erməni kilsə yazılarında göstərilir ki, ermənilər İran ərazisinə XVI-XVII əsrlərdə Kilikiyadan, yəni Kiçik Asiyadan köçüb gəliblər. Onlar Azərbaycana da təxminən bu vaxtlar gəliblər. Ermənilərin Matedaran arxivindəki sənədlərdən birində göstərilir ki, erməni keşişi Qriqor XV əsrin sonlarında Üçkilsə (ermənilərin “Eçmiədzin” dedikləri) və daha 6 kəndi Ağqoyunlu hökmdarlarından pulla, 530 min Təbriz dinarına aldı.
Orta əsr müəllifləri yazırlar ki, XVII əsrin sonu – XVIII əsrin əvvəlində İrəvan şəhərində 2 min ev, təxminən 10 min əhali var idi. Burada ermənilərin sayı təxminən 300 nəfər idi, onlar da şəhər ətrafında yerləşmişdi. Yerdə qalanların hamısı azərbaycanlı idi. Rus mənbələrinin bildirdiyinə görə, 1826-cı ildə İrəvan xanlığında əhalinin 80 faizi azərbaycanlı, 20 faizi digər millətlər, o cümlədən, erməni idi. Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində 1886-cı ildə azərbaycanlıların sayı 50 faizə enmişdi, ermənilər isə 48 faiz təşkil edirdi. Bu nisbət 1918-ci ilə qədər, yəni İrəvanın ermənilərə güzəştə gedildiyi vaxta qədər də dəyişməmişdi. 1918-ci il mayın 29-da gənc Azərbaycan Respublikası böyük dövlətlərin, daha doğrusu, xristian dövlətlərinin təzyiqləri qarşısında İrəvanı ermənilərə vermək məcburiyyətində qaldı. Ermənilərin bu gün “qədim erməni şəhəri” kimi təqdim etdikləri İrəvan şəhərinin və bölgəsinin tarixi bundan ibarətdir. Onu da qeyd edim ki, İrəvan şəhərinin adı 1936-cı ildə Sovet hökumətinin qərarı ilə dəyişdirilərək “Yerevan” edildi. Ermənilər xristian dövlətlərinin köməyilə Səfəvi dövlətinin məşhur sərkərdələrindən Rəvanqulu xanın saldığı və onun adını daşıyan Rəvan (İrəvan) qalasını, şəhərini, mahalını bax, bu cür erməniləşdirib erməni məmləkətinə çevirdilər. Qarabağda da eyni proseslər gedirdi. Rus mənbələrinə görə, 1823-cü ildə, yəni tam rus işğalı ərəfəsində indi “Dağlıq Qarabağ” adlandırılan (bu termini də 1921-1923-cü illərdə rus hökuməti ortaya atdı, o vaxta qədər vahid Qarabağ, başdan-başa azərbaycanlıların yaşadığı, Azərbaycan məmləkəti olan Qarabağ mövcud idi) ərazilərdə azərbaycanlılar 80 faiz, ermənilər 20 faiz təşkil edirdi. Rusların köçürmə siyasəti nəticəsində az sonra, 1832-ci ildə bu rəqəmlər 65 faiz və 35 faiz, 1897-ci ildə isə müvafiq olaraq 53 faiz və 45 faiz təşkil etdi. Rusların bütün səylərinə baxmayaraq (onlar azərbaycanlıları zorla çıxarır, yerlərinə erməniləri gətirirdilər), azərbaycanlılar hələ də üstünlük təşkil edirdilər. Yalnız Sovet hökumətinin dövründə azərbaycanlıları qırıb məhv etməklə bu nisbəti ermənilərin xeyrinə dəyişə bildilər. Qarabağda yaşayan azsaylı ermənilər həmişə xristian faktorunu qabartmağa, bununla xristian dövlətlərinin dəstəyini qazanmağa çalışırdılar. Onlar Avropanın xristian dövlət başçılarına, Rusiyanın rəhbərlərinə məktublar yazır, “müsəlman zülmü”ndən imdad diləyirdilər. Əslində, onlara heç bir zülm edilmir, hər cür şərait yaradılmışdı. Onlar hər şeyi saxtalaşdırır, ağ yalan yazmaqdan çəkinmirdilər. 1798-ci ildə 2 erməni məliyi (kəndxudası) Qarabağdan rus hökmdarı I Pavelə məktub yazmışdı. Cəmşid adlı birisi yazırdı ki, mən Şuşa qalasının hakimiyəm, gəlin, sizi qarşılamağa hazırıq. Həmin dövrdə Şuşa Qarabağ xanlığının mərkəzi idi, hökmdarı isə azərbaycanlı İbrahim xan idi. O birisi, Firudin adlı məlik isə yazırdı ki, mən İyirmidördlər tayfasının başçısıyam və s. Qarabağda belə bir tayfa var idi, təmiz azərbaycanlı tayfası idi. Buna erməni yalançılığı, saxtakarlığı demək azdır, gərək erməni səfehliyi, axmaqlığı deyəsən. Amma təəssüf ki, bu sefehliyə inananların da sayı az deyil. Bu gün də dünya, daha doğrusu, xristian dünyası bizim dediyimiz açıq-aydın həqiqətlərə deyil, erməni səfehliyinə, axmaqlığına, sayıqlamalarına inanır. Nə üçün? Çünki bu, müsəlman-xristian qarşıdurmasıdır. Xristian dünyası ermənilərin tərəfini vermək istəmir. Bölgədə xristian ermənilərin üstünlüyünə, yeni ərazi zəbt etməsinə nail olmağa çalışır. Xristian dövlətləri regionda müsəlman təsirinin, mövqeyinin zəiflədilməsini istəyir və bunun üçün erməni faktorundan alət kimi istifadə edirlər” - deyə A.Nağı bildirir.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.