Ordumuzun ən müasir silahlarla təmini istiqamətində atılan addımlar indi silahlı qüvvəlrimizin ixtiryarında olan yeni texnikaların sayının əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxarıb. Beynəlxalq institutların da hesabat və rəylərindən belə məlum olur ki, Azərbaycan üçün müasir silahların alışı prioritetdir. Bu xüsusda Azərbaycanın İsraildən daha çox silah idxal etməsi də təsadüf sayılmır. Bunu Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dünya silah ticarəti ilə bağlı yaydığı son hesabatdan da aydın görmək olar.
Hesabata əsasən, dünyada silah ticarəti son beş ildə 5,5 faiz artıb. Qeyd olunur ki, ABŞ dünyanın ən böyük silah ixracatçısı, Səudiyyə Ərəbistanı isə ən böyük silah idxalçısıdır. Orta Şərq regionunda silah idxalı olduqca yüksək dərəcədə artıb (61% artım). Səudiyyə Ərəbistanında isə son 5 ildə silah idxalı 130% artıb. Qeyd olunan müddət ərzində Rusiyanın silah ixracatı azalıb. Çin isə dünyanın 5-ci ən böyük silah ixracatçısıdır və dünyanın 53 dövlətinə silah satır. Ermənistanın son 5 ildə silah idxalının, demək olar ki, bütün hissəsini Rusiya silahları təşkil edib. Azərbaycanın silah idxalının 60 faizini İsrail, 31 faizini isə Rusiya silahları təşkil edib. Ümumiyyətlə, İsrail silahlarının ən iri idxalçıları arasında Azərbaycan Hindistan və Vyetnamdan sonra üçüncü yeri tutur. Bu ixracatın tərkibində ən müxtəlif tipli pilotsuz uçuş aparatları, o cümlədən fəaliyyət radiusu 1000 kilometrə çatan ən yeni zərbə modifikasiyaları əhəmiyyətli yer tutur. İsraildən müdafiə məqsədli kibernetik sistemlərin alışı da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ordusunun cəbbəxanasında, həmçinin, “Barak-8” zenit raket kompleksləri də məhz İsraildən alınıb. Həmin komplekslər rəqibin təyyarələrinin ələ keçirilməsi, eyni zamanda dənizdən və qurudan buraxılmış raketlərin vurularaq məhv edilməsi məqsədini güdür. Onlar hava hədəflərini səs sürətindən aşağı və yüksək sürətlərdə hərəkət edərək, ən müxtəlif hündürlükdə və məsafədə vurur. İsrailin ən iri özəl şirkəti olan “Elbit Systems” Azərbaycana məxsus bir neçə T-72 tankını modernləşdirib. Modernləşdirmə çərçivəsində “Elbit Systems” Azərbaycan tanklarında yeni atəşin idarə olunması sistemləri və müasir zireh quraşdırıb. Elə həmin İsrail konserni Bakıya 120 millimetrlik özüyeriyən CARDOM minaatanları ixrac edir. Bu minaatan müasir atəşin idarə olunması sisteminə, naviqasiya blokuna, avtomatik yönləndirmə sisteminə və özünəməxsus güc qurğusuna malikdir. Azərbaycan ordusunun sərəncamına İsraildə istehsal edilmiş “Green Pine” raket əleyhinə radiolokasiya sistemi də verilib. Bu sistem “Israel Aerospace Industries” konserninin törəmə strukturu olan “ELTA Systems” şirkəti tərəfindən istehsal olunub. Bu mobil radiolokasiya sistemi avtonom şəkildə rəqib tərəfindən radioelektron mübarizə vasitələrindən istifadə edildiyi şəraitdə onlarla taktiki ballistik raketi izləmək və aşkar etmək üçündür. İsrail Azərbaycan ordusuna həm də daşına bilən POMINS-2 məsafədən minaların zərərsizləşdirilməsi sistemləri verib ki, bunların köməyi ilə yarım dəqiqə ərzində minalanmış ərazilərdə eni 1,5 metr, uzunluğu isə 50 metr olan keçidlər yaratmaq olar. Bu məqsədlə raket buraxılır və o, bütün minalanmış ərazi üzrə partıayıcı qurğusu olan kabel dartır, onun partlamasından sonra isə bütün piyadalar əleyhinə minalar partlayır, məftil sədlər isə dağılır.
Azərbaycanlı hərbçilərin cəbbəxanasında İsraildə istehsal edilmiş “Mikro-uzi” kiçik həcmli tapança-pulemyotlar, “Tavor-21” şturm tüfəngləri və “Neqev” əl pulemyotu da var ki, bunları “Israel Military Industries” istehsal edir. Eyni zamanda, İsrailin “Rafael” şirkətinin istehsalı olan “Spayk” çoxfunksiyalı raket kompleksləri də Azərbaycana ixrac olunur. Azərbaycana İsrailin istehsalı olan “ATMOS 2000” artilleriya qurğusu da ixrac edilib.
Ermənistandan fərqli olaraq, Rusiya da Azərbaycana ən müasir təyyarələri böyük həvəslə satmağa hazır olduğunu bildirir və ölkəmizin buna maliyyə imkanları da çatır. Hətta məlumdur ki, ötən illərdə Rusiya tərəfindən Azərbaycana Su-30SM və MiQ-35 təyyarələri təklif olunub. Rusiyalı hərbi ekspert Sergey Suvorov hazırda Azərbaycanla Rusiya arasındakı hərbi-texniki əməkdaşlığın uğurla davam etdirildiyini bildirib: “Azərbaycan həmişə Rusiyanın strateji tərəfdaşı olub və bu cür də qalır. Bu gün Bakı ilə Moskva olduqca yaxşı və sıx əlaqələrə malikdir. Ümid edirəm ki, bizim Azərbaycanla qarşılıqlı faydalı münasibətlərimiz gələcəkdə də davam edəcək və əhatə dairəsi genişlənəcək”. Bundan əlavə, Azərbaycan digər Qərb ölkələrindən də silah alır. Məsələn, ölkəmiz artıq İtaliyadan 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan, reaktiv təlim-məşq təyyarəsi olan “M-346 Master” alıb. Azərbaycan daha 15 ədəd “M-346 Master” təlim-döyüş təyyarəsi sifariş verib. “M-346 Master” İtaliyanın “Leonardo“ şirkətinin istehsalı olan hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsidir. Digər tərəfdən o da məlumdur ki, Azərbaycan Pakistandan da yeni nəsil qırıcılar almağı düşünür. Artıq Pakistanla Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq zaman keçdikcə daha da dərinləşir və möhkəmlənir. Bu fonda Azərbaycan Çin və Pakistanın birgə istehsalı olan dördüncü nəsil “JF-17 Thunder” çoxməqsədli qırıcı təyyarəsini əldə etmək niyyətini dilə gətirib. Bütün bunlar Azərbaycanın hərbi gücünün daha da artmasına imkan verir.
Nahid SALAYEV