Çində 2019-cu ilin sonlarında başlayan koronavirus xəstəliyinin son növü həyatlara son qoymağa davam edir və bütün dünyada sürətlə yayılır. Xəstəlik halları Çindən başqa Cənubi Koreya, Tayvan, Yaponiya, Sinqapur, Tailand, İran, İtaliya, ABŞ və digər ölkələrdə aşkarlanıb.
Bununla belə, koronavirus Ermənistanda da qeydə alınıb və bu, ölkədə ciddi dəyişikliklər və yenidən tənzimləmələrin gözlənildiyi bir dövrdə qeydə alınıb. Ermənistanda koronavirusun yayılması xüsusi təşviş doğurur. Bu təşvişin güclü olmasına səbəb isə Paşinyan hakimiyyətinin qabaqlayıcı tədbirlər görə bilməməsidir. Erməni mətbuatı yazır ki, ölkədəki hazırkı durum hakimiyyətin koronavirusla mübarizəyə tamamilə hazır olmadığını göstərir. Belə ki, apteklərdə qoruyucu maskalar, gigiyenik vasitələr tapılmır. Məlum olub ki, Ermənistan hakimiyyəti koronavirusla bağlı mübarizədə, ümumiyyətlə, heç nə edə bilmir. Prosesə nəzər salanda görünən budur ki, ölkə böhran vəziyyətinə, önləyici tədbirlər görməyə hazırlıqlı deyil.
Bütün bunlara baxmayaraq, erməni mediası Azərbaycanla bağlı yalan xarakterli informasiyalar yaymaqdadır. Erməni mediası iddia edir ki, guya Azərbaycanda koronavirusa yoluxanların sayı 11 nəfəri keçib. Hətta onu da uydururlar ki, guya sözügedən virusdan Azərbaycanda ölənlər var, amma ölənlərin sayı gizlədilir. Bir sözlə, Azərbaycanla bağlı ağlagəlməz yalanlar uydururlar. Aydın məsələdir ki, erməni mediasının koronovirusla bağlı yazdıqları yalandır. Ancaq maraqlıdır, Azərbaycanla bağlı belə yalan məlumatlar yaymaqla nə məqsəd güdürlər?
“İnformasiya müharibəsi prosesində Ermənistan tərəfi ən xoşagəlməz və riyakar üsullardan istifadə edir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, ermənilər bir sıra məqsədlərdən ötrü Azərbaycanla bağlı bu cür yalan informasiya yayırlar: “Biz bir şeyi nəzərə almalıyıq ki, Azərbaycan təkcə cəbhədə Ermənistanla döyüşmür. Bununla bərabər, Azərbaycanla Ermənistan arasında informasiya müharibəsi gedir. Sözügedən informasiya müharibəsi prosesində Ermənistan tərəfi ən xoşagəlməz və riyakar üsullardan istifadə edir. O da ondan ibarətdir ki, Azərbaycana yönəlik qaralama kampaniyası aparırlar. Onlar çox istərdilər ki, Azərbaycanda koronavirus geniş miqyasda yayılsın. Bu onların ən böyük arzusudur. Ancaq onlar nəzərə almaq istəmirlər ki, Azərbaycan bütün önləyici tədbirləri görür. Azərbaycanda bu sahədə vəziyyət tamam başqadır. Yəni bütün proseslər nəzarət altındadır. Ölkə gücləndirilmiş rejimdə işləyir və müvafiq olaraq bütün qabaqlayıcı tədbirlər görülür. Sadəcə olaraq Ermənistan o məqsədlə Azərbaycanı hədəfə götürüb ki, öz daxili auditoriyasına yanlış məlumat çatdırsın. Ona görə də ölkəmizlə bağlı belə çirkin xarakterli məlumatlar yayılır. Onlar belə narahatdırlarsa, o zaman öz ölkələrində karantin tədbirləri görsünlər. Çünki İranla Ermənistanın əlaqələri daha genişdir. Ermənistanda əhalinin kütləvi şəkildə koronavirusa yoluxma ehtimalı daha böyükdür, nəinki Azərbaycanın”.
Vidadi ORDAHALLI