Martın 8-də özünü “feminist” adlandıran bir qrup qadının Bakının küçələrində aksiya keçirməsi və burada əxlaqdankənar davranışa yol verməsi, əxlaqsızlığı təbliğ edən şüarlar, plakatlarla meydana çıxması cəmiyyət tərəfindən çox kəskin etirazla qarşılandı. Onların “8 Marş – bizimdi hürr küçələr” adlandırdıqları aksiya birbaşa əxlaqsızlığın təbliğ edilməsi, əxlaqsızlığa çağırış idi.
Hansısa xarici təşkilatlardan qrant qoparmaq amacı ilə Fəvvarələr meydanında aksiya keçirməyə cəhd edən radikallaşmış "feminist"lər bununla öz mahiyyətlərini açıq şəkildə büruzə verdilər.
Yerli "feminist"lərin tələbləri, “18+” tipli şüarları lap əttökən idi. Öz bədən üzvlərinə “azadlıq” istəyən bu “feminist”lər, əslində, azadlığın nə olduğundan xəbərsiz olduqlarını da bəyan etmiş oldular. Onların anlayışında feminizm Bakının mərkəzində əxlaqsızlığı təbliğ etmək idi. Bunun nəticəsində də böyük ictimai qınağa məruz qaldılar.
Bu arada Bakıda “feministlər”in aksiyası zamanı qalmaqallı plakatı ilə gündəmə gələn Aysel Ələkbərzadənin özünü binadan ataraq intihara cəhd etməsi xəbəri də yayıldı. Bu, başqa mövzunun söhbətidir.
Bakının küçələrində əxlaqsızlığı təbliğ edən “feministlər”in əsas hədəfi Azərbaycanın milli ailə dəyərləridir ki, onlar əllərində tutduqları şüarlarla milli ailə dəyərlərimizi, Azərbaycan qadınını ləkələməyə cəhd etdilər. Ekspertlər qeyd edirlər ki, onların tapşırıq aldıqları beynəlxalq təşkilatlar beş-üç manat müqabilində həmin “feminist”ləri küçəyə buraxmaqla Azərbaycan xalqının milli ailə dəyərlərini hədəfə alıblar. Azərbaycan qadınının əxlaqına yad olan şüarlar səsləndirən o qadınlar özləri bununla Azərbaycan qadınının adına ləkə olduqlarını ortaya qoydular.
“Azərbaycan xalqının ailə dəyərlərinin bu şəkildə hədəfə alınması qəbuledilməzdir”
Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu “Bakı-Xəbər”ə bildirdi ki, “feministlər” öz başlarına bu aksiyanı keçirməyiblər, bu aksiya Azərbaycanda ailə dəyərlərini dağıtmaq, məhv etmək istəyən xarici qüvvələrin layihəsdir. “Mən bu aksiya ilə bağlı yayılan videolara, fotolara baxdım, bu qətiyyən mənə xoş təsir bağışlamadı. Burada söhbət onların hansısa bir demokratiya, azadlıq istəyindən getmir. Bu aksiya Azərbaycanı istəməyən, milli ailə dəyərlərimizi ləkələməyə cəhd edən hansısa xarici qüvvələrin, institutların maliyyələşdirdiyi bir layihə təsiri bağışladı. Azərbaycanın ailə dəyərlərinə qarşı uzun illərdir bu cür çirkli layihələr həyata keçirilir. Dəfələrlə demişəm, “Azərbaycanda qadın azadlığı yoxdur”, “qadınları əzirlər” və s. şüarlarla keçirilən aksiyalar Azərbaycanı istəməyən qüvvələrin layihəsidir. Çünki Azərbaycan ailəsini dağıtmaq, parçalamaq, ləkələmək istəyən beynəlxalq institutlar yerli “feminist”lərdən istifadə edirlər. “Bu gün Azərbaycan ailəsi gərgin vəziyyətdədir, biz ailəmizi gərgin vəziyyətdən çıxarmaq üçün yollar axtarmalıyıq” deyənlər sanki Azərbaycan kişisinin dünyada “vəhşi” obrazını yaratmaq istəyirlər. Bunu təbliğ edirlər. Bu istiqamətdə gedən işlər də təbii ki, cəmiyyətin xeyrinə deyil. “Demokratiya”, “azadlıq” deyən aksiyaçıların şüarlarından da, onların davranışlarından da açıq şəkildə görünürdü ki, burada tamamilə başqa əhval-ruhiyyə var. Hətta indiyə qədər siyasi şüarlarla meydanlara çıxıb aksiya keçirən adamların özləri belə “feminist”lərin əxlaqsızlığı təbliğ edən şüarlarından şoka düşmüşdülər ki, bunlar kimdir, bunlar haradan çıxdılar? Azərbaycan xalqının ailə dəyərlərinin bu şəkildə hədəfə alınması qəbuledilməzdir.
Hesab edirəm ki, “feminist”lərin aksiyalarında tamam yeni siyasi texnologiyalar işlənib. Biz çalışmalıyıq ki, Azərbaycan qadını azad olsun, demokratik dəyərlərə uyğun olaraq yaşasın. Amma bunu aydınlaşdırmaq lazımdır ki, azadlıq nədir? Amma azadlıq kimin keyfi nə istəyir onu etmək deyil. “Bədən mənimdir, onu nə cür istəyirəm xərcləyərəm” şüarı ilə ortaya çıxmaq demokratiya, azadlıq deyil. Azadlıq hər bir insana öz təyinatına görə fəaliyyət göstərmək üçündür”.
Ə.Qəşəmoğlu deyir ki, qadınların azad olması deyəndə onların istedadlarının, biliklərinin, daxili potensialının həyata keçirilməsi üçün yaradılan şərait nəzərdə tutulmaldır. “Bu imkanlar xalqın, ölkənin tərəqqisinə xidmət etməlidir. Yoxsa, dağıdıcılığı, əxlaqsızlığı təbliğ etmək üçün istənilən azadlığın azadlığa dəxli yoxdur. Bizim ölkədə azadlıq, demokratiya barədə lazımi qədər maarifləndirmə işi aparılmayıb. İnsanlar yaxşı bilməlidirlər ki, azadlıq mahiyyət etibarilə nədir, nəyə azadlıq, nəyə özbaşınalıq demək olar. Bu istiqamətdə maarifləndirmə işinə ölkəmizdə böyük ehtiyac var” - deyə Ə.Qəşəmoğlu qeyd etdi.
İradə SARIYEVA