30/03/2020 10:03
728 x 90

Prezident Əliyevin Xocalı videoçarxının rəmzi tərəflərini sənətşünaslar necə təhlil etdi...

img

İyirminci yüzilliyin ən dəhşətli genosid aktlarından biri olan Xocalı soyqırımının 28 illiyi ölkəmizin hər yerində böyük hüznlə, kədərlə qeyd olunur. 

Məlumdur ki, Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar videoçarx yerləşdirilib. Videoçarxın təsvirində deyilir: "Ədalət zəfər çalacaq!"

Klassik musiqi ilə sintez edilən “Bayatı-Şiraz”ın sədaları altında hazırlanan videoçarxda nümayiş olunan hər bir şam bir şəhidin obrazıdır. Sonda isə şamlar birləşib səmada ulduza çevrilir və 613 rəqəmi yaradır.

Bu videoçarxın simvolik, rəmzi mənası nədir, o, dünyaya hansı mətnaltı mesajları ötürür?

  • Ənvər Çingizoğlu: “...Xocalı soyqırımına münasibətdə ədalətin qələbə çalacağına bəslənən böyük ümiddir”   

Tanınmış mütəxəssis Ənvər Çingizoğlu “Bakı-Xəbər”ə bildirdi ki, bu kiçik videoçarxın böyük mənası var. Tədqiqatçı qeyd etdi ki, hər şam Xocalıda şəhid olan bir azərbaycanlının alov saçıb “intiqam” hayqıran obrazıdır. “Bu kiçik videoçarx özündə böyük məna daşıyır. Mənim yozumum belədir ki, videoçarxda səsləndirilən klassik musiqi rəngi Xocalıda ermənilər tərəfindən azərbaycanlıların vəhşicəsinə qətlə yetirildiyini, soyqırıma məruz qaldığını, muğam ahəngi isə Azərbaycan xalqının işğal faktı ilə barışmayacağını və öz yurdlarına qayıdacağını, eyni zamanda da nahaq qanın yerdə qalmayacağını ifadə edir. Yanan şamlar isə Xocalı şəhidlərinin həmin gecə od-alova bülənd olan, “imdad” deyə-deyə dünyaya hayqıran, qisas hissi ilə yanan ruhlarıdır. Hər bir şam soyqırıma məruz qalan bir Xocalı şəhidinin “qisas” deyə alovlanan ruhudur. Bildiyimiz kimi, Xocalı soyqırımı zamanı ermənilər 613 nəfər azərbaycanlını qətlə yetirib, yandırıb, meyitləri təhqir edib, 1275 nəfəri isə girov götürüb. Videoçarxın sonunda bütün şamların ulduz-ulduz 613 rəqəminə çevrilərək səmaya çəkilməsi isə qisasın qiyamətə qalmayacağına bir işarədir. Bəli, sonda qeyd edilir ki, ədalət zəfər çalacaq. Biz də əminik ki, gec-tez, Xocalı soyqırımını törədənlər ədaət qarşısında cavab verəcəklər. Bütövlükdə, videoçarxın rəmzi, simvolik mənası Xocalıda ermənilər tərəfindən şəhid edilən soydaşlarımızın qanının yerdə qalmayacağına, Xocalı soyqırımına münasibətdə ədalətin qələbə çalacağına bəslənən böyük ümiddir”.   

  • Aydın Xan Əbilov: “Cənab Prezidentin də öz “Facebook” hesabında paylaşdığı videoçarxdan da göründüyü kimi, 613 şamın sönməsi həmin 613 insanın həyatının ermənilər tərəfindən söndürülməsi deməkdir”

Tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilov da bildirdi ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli soyqırımlarından biridir və Azərbaycan tarixində belə faciələri çox yaşamışıq. “Amma Xocalıda böyüklü-kiçikli, qadınlı-kişili 613 nəfər qətlə yetirilib, soyqırıma məruz qalıb, minlərlə ailənin taleyi zülmətə qərq olub. Cənab Prezidentin də öz “Facebook” hesabında paylaşdığı videoçarxdan da göründüyü kimi, 613 şamın sönməsi həmin 613 insanın həyatının ermənilər tərəfindən söndürülməsi deməkdir. Ona görə də bunun yalnız simvolik deyil, həm də konkret mənası var. Yəni Dağlıq Qarabağ müharibəsində Xocalıda, Kəlbəcərdə və digər yerlərdə soyqırımlar baş verib. Bu videoçarxa həm də indiyə qədər Azərbaycan xalqına qarşı baş verən bütün soyqırımların simvolik obrazı kimi də baxmaq olar. Bu gün bütün dünyada Xocalı soyqırımı genosid aktı kimi qəbul edilir. Videoçarxın rəmzi mənası odur ki, Azərbaycan xalqı heç zaman bu soyqırım aktı ilə razılaşmayacaq. Cənab Prezident də ədalətin zəfər çalacağını vurğulayarkən işğal altında olan torpaqlarımızın geri qaytarılacağını, 1 milyona yaxın qaçqın və məcburi köçkün, didərginlərimizin öz yurdlarına qayıdacağını, Azərbaycanın öz dövlət sərhədlərini bütövləşdirəcəyini, iqtisadi-siyasi, ictimai-mədəni, hətta mənəvi cəhətdən xalqımızın, cəmiyyətimizin işğalçı Ermənistan cəmiyyətindən daha yüksək səviyyədə olduğunu, daha da inkişaf edəcəyini ifadə etmiş oldu” - deyə A.X.Əbilov qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər