03/04/2020 23:23
728 x 90

XİN-də Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı rəsm sərgisi keçirilib

Xələf Xələfov: “Xocalıda törədilən cinayətlər tam sübuta yetirilib”

img

30 ildən artıqdır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü davam edir. Münaqişənin ən qanlı səhifələrindən biri isə Xocalı soyqırımıdır. Trend xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov Xarici İşlər Nazirliyində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı rəsm sərgisində deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilib: “Xocalıda törədilmiş bu mənfur cinayət xüsusi niyyətlə həyata keçirilmiş və həmin niyyət əhalini məhz azərbaycanlı olduğuna görə kütləvi şəkildə qətlə yetirməkdən ibarət olmuşdur. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən aparılmış müvafiq istintaq nəticəsində Xocalıda mülki əhaliyə qarşı soyqırım cinayətinin törədildiyi tam sübuta yetirilmişdir. Bu gün Azərbaycan Respublikası Xocalıda törədilmiş soyqırımı ilə əlaqədar ədalət mühakiməsinin həyata keçirilməsi üçün milli və beynəlxalq səylərini davam etdirir.

Münaqişənin gedişində Ermənistan tərəfindən törədilmiş beynəlxalq cinayətlər həm dövlət, həm də fərdi səviyyələrdə məsuliyyət doğurur:

Ermənistan ölkəmizə qarşı təcavüz, eləcə də Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının pozulmasına görə dövlət səviyyəsində məsuliyyət daşıyır. Bu məsuliyyətə görə dünya birliyi Ermənistanı hüquqazidd əməllərini dayandırmağa, işğal edilmiş əraziləri qeyd-şərtsiz azad etməyə, münaqişənin ağır nəticələrini və vurulmuş ziyanı aradan qaldırmağa vadar etməlidir.

Bununla yanaşı, Xocalıda törədilmiş məlum cinayət əməlləri həmçinin onları törətmiş şəxslərin fərdi məsuliyyətini doğurur. Qeyd olunmalıdır ki, Ermənistanın bir çox yüksək vəzifəli şəxsləri və hərbi qulluqçuları, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qanunsuz rejimin rəhbərləri Azərbaycan ərazilərinin işğalında və Azərbaycanlı mülki şəxslərə qarşı cinayətlərin törədilməsində şəxsən iştirak etmişlər.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində, o cümlədən də “Xocalıya ədalət!” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu cinayətlə bağlı müvafiq qərarlar qəbul edilmişdir. Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, İndoneziya, Peru, Panama, İordaniya, Sudan, Sloveniya, Honduras, Qvatemala, Cibuti, Paraqvay və Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımını qınayan rəsmi sənədlər qəbul olunmuşdur.

Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətli ilə dərin iz qoymuş Xatın, Holokost, Ruanda və Srebrenitsa soyqırımları kimi ağır faciələrlə bir sırada dayanır. Həmin soyqırımlara münasibətdə dünya birliyinin səyləri nəticəsində hüquqi mexanizmlər vasitəsilə qiymət verilmiş, cinayət törətmiş şəxslər müvafiq tribunallar qarşısında mühakimə olunmuşlar.

Lakin Xocalı soyqırımına bu günə qədər dünya birliyi tərəfindən tutarlı hüquqi qiymət verilməmişdir. Təəssüf ki, bu gün soyqırım cinayətinin aid olduğu universal yurisdiksiyanın tətbiqində siyasi konyunkturalar üstünlük təşkil etməkdədir.

Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq ədalət mühakiməsinin həyata keçirilməsi, bu qanlı cinayəti törədən şəxslərə münasibətdə cinayət təqibinin davam etdirilməsi və onların məsuliyyətə cəlb edilərək beynəlxalq mexanizmlər vasitəsilə cəzalandırılması Azərbaycan xalqının mənəvi borcu və dövlətimizin qarşısında duran mühüm vəzifədir. Inanıram ki, Azərbaycan xalqının iradəsi ilə Xocalı soyqırımına münasibətdə ədalət zəfər çalacaqdır".

Son xəbərlər