Azərbaycan və Türkiyə arasında dinamik inkişaf edən münasibətlər, qardaş ölkənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə verdiyi tam dəstək Ermənistanda, həmişəki kimi, ciddi narahatlıqla qarşılanır.
Qeyd edək ki, Türkiyə Qarabağ məsələsində Azərbaycana dəstəyi prezident Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri fonunda bir daha ən yüksək səviyyədə ifadə etdi. Dövlət başçılarının mətbuata bəyanatlarla çıxışı zamanı Ərdoğan bildirdi: “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir. Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur. Azərbaycana bu haqlı mübarizəsində verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik. Minsk Qrupunun bu məsələdə, təəssüf ki, səmimi davranmadığını da açıq şəkildə ifadə edirəm. Çünki təxminən 25 il vaxt itirilib. Nə üçün və nəyə görə heç bir nəticəyə nail olunmur? Təbii ki, bunun üzərində də dayanmaq lazımdır”. Burada özünü göstərən mühüm məqamlardan biri də Azərbaycanın Türkiyədən yeni silahların alışını həyata keçirəcəyi ilə bağlı məlumatların açıqlanması oldu. Bu xüsusda Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək: "Müdafiə sahəsində birgə gələcək işbirliyi haqqında fikir mübadiləsi aparıldı. Təkcə keçən il 13 birgə hərbi təlim keçirilmişdir. Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq…Əminəm ki, biz bundan sonra da hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizin uğurlarına sevinəcəyik. Ağır günlərdə, Allah eləməsin, amma əgər olarsa, hər zaman bir-birimizin yanında olacağıq".
Xatırladaq ki, Azərbaycanın silah idxal etdiyi ölkələr sıasında əsas yerlərdən birini məhz Türkiyə tutur. Azərbaycanla Türkiyə arasında 2020-ci il üçün hərbi fəaliyyət planı isə artıq ötən ilin sonlarında imzalanıb. Bu məsələ Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclasında müzakirə olunub. Burada Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müəyyən olunub, eləcə də 2020-ci il üçün fəaliyyət planı razılaşdırılıb.
Ümumiyyətlə, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir. Hələ bir neçə il öncə ölkələrimiz arasında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə təsdiq edilib. Bununla hərbi əməkdaşlıq daha da inkişaf edib. Tərəflər qonşu və qardaş dövlətlər olaraq bir-birinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunmasında və qorunmasında sıx əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində hərbçilərimiz Türkiyədə təlim və kurslarda iştirak edirlər. Bundan əlavə, əməkdaşlıq çərçivəsində ölkəmiz Türkiyədən ən müasir silah və texnikaları alır. Məsələn, Azərbaycan Türkiyədən “T-122 Sakarya" reaktiv atəş sistemləri idxal edib. Bundan əlavə, Azərbaycan sözügedən artilleriya sistemlərində tətbiq olunan TR-122 raketini də Türkiyədən alıb. Ermənistanda Azərbaycanın belə silaha malik olması daim böyük təşvişlə qarşılanıb. “T-122 Sakarya" reaktiv atəş sistemi və onun raketləri ROKETSAN şirkəti tərəfindən istehsal olunur. Bu raketlərin atış mənzili 40 kilometrdir. Bu isə Azərbaycan ordusunun mövcud 9K51 "Qrad" qurğularında tətbiq olunan raketlərin atış məsafəsindən təxminən 2 dəfə çoxdur. Ordumuzda, həmçinin, ROKETSAN şirkətinin istehsalı olan TR-107 artırılmış mənzilli raketlərdən də istifadə olunur. Son illərdə Türkiyədən aldığımız dağıdıcı silahlardan biri də 105-130 km-lik TR-300 “Qasırğa” raketləridir. “KamAZ” avtomaşınlarının şassisi üzərində yerləşən Azərbaycan “Qasırğa”ları universal dizayna malikdir. Bu raketlərin atış mənzili 130 kilometr məsafədir. GPS və İNS naviqasiyasına malik bu raketin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. “Qasırğa” ilə nəinki İrəvanı, Ermənistanın dərinliyindəki istənilən təhlükə yaradan hədəfi məhv etmək olar. Bununla, həmçinin, Naxçıvandan Qarabağdakı erməni hədəflərinə də zərbələr endirmək mümkündür.
Azərbaycan Türkiyənin "Harp Arge" şirkətindən pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulan "Drone Killer" silah sistemi alıb. Bu silah ilk dəfə Azərbaycana ixrac edilib. Silah hücum məqsədilə istifadə edilə biləcək pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparır. Sistem Azərbaycan ordusu tərəfindən uğurla sınaqdan keçirilib. Bundan başqa, Azərbaycan qardaş ölkədən son dövrlərdə 35 ədəd "Kobra", 37 ədəd "Shorland", 30 ədəd "T-107 ÇNRA", 40 ədəd "T-122/300 ÇNRA", 20 ədəd "T-300 ÇNRA", 108 ədəd "TRG-300 Kaplan" raket, 25 ədəd SOM-B1 raketi alıb. Qeyd edək ki, Azərbaycanın SOM-B1 qanadlı raketləri ilə silahlanması ona Qarabağda erməni qüvvələrinin infrastrukturuna yüzlərlə kilometr məsafədən dəqiq zərbə endirməyə imkan verir. Özü də bu raketlərə qarşı mübarizə aparmaq praktiki olaraq mümkün deyil. Çünki mürəkkəb trayektoriya ilə hərəkət edən qanadlı raketlərə qarşı mübarizə aparmaq üçün hava hücumundan müdafiə sistemlərinin çoxpilləli radarlar şəbəkəsi qurulmalıdır. Üstəlik, belə raketləri izləmək və neytrallaşdırmaq üçün raket əleyhinə müasir silahlar, yüksək peşəkarlığa malik heyət olmalıdır. Ermənistan isə bütün bunlardan məhrumdur. Qeyd edilən qanadlı raketlərin çəkisi 600 kiloqrama yaxın, atəş mənzili 250 kilometrdir. Hazırda Türkiyənin Hərbi Hava Qüvvələri həmin raketləri özünün F-16C və F-4 qırıcılarında yerləşdirib. Bu vaxta qədər ehtimal edilirdi ki, Azərbaycan Hərbi Hava Qüvvələri SOM raketlərini mövcud aviaplatformalarında, xüsusən modernləşdirilmiş MiQ-29 qırıcısında quraşdıracaq. Amma bunların İtaliyanın "Leonardo S.p.A" şirkətinin məhsulu olan "M-346" təyyarələrinə quraşdırılması gözlənilir. Bundan başqa, "M-346"nı yerüstü hədəflərin məhv edilməsi məqsədilə ağıllı bomba və idarəolunan raketlərlə də silahlandırmaq mümkündür. Belə ağıllı bomba və idarəolunan raketlərin yenə Türkiyədən alınması mümkün sayılır.
Ümumiyyətlə, ölkəmiz silah sistemlərinin önəmli hissələrini Türkiyədən almağa üstünlük verməyə başlayıb. Məhz bu fonda Azərbaycan Türkiyədən idxal olunan silah sayını artırıb. Yuxarıda qeyd olunduğu kimi, Türkiyədən yeni silahların alışı da diqqət mərkəzindədir. Məsələn, hərbi əməkdaşlığın dərinləşməsinə müvafiq olaraq, Azərbaycan qardaş ölkədən Ermənistanı qorxuya sala biləcək daha bir texnikanın alışını həyata keçirə bilər. Söhbət Türkiyənin müasir “Altay” tanklarından gedir. “Altay” Cənubi Koreyanın “K2” tankının müasirləşdirilmiş formasıdır. Tankda “Qara panter”in 60% -dək texnologiyalarından istifadə edilib. Digər tərəfdən, Azərbaycanın Türkiyədən "Anka" pilotsuz uçuş aparatının silahlı konfiqurasiyası olan "Anka-S" PUA-sını alması belə istisna olunmur. Qeyd edək ki, "Anka-S" PUA-nın silahlı testləri uğurlu keçirilib. Silah 200 kiloluq faydalı yüklə 24 saat uçuş həyata keçirir. Azərbaycan istəyəcəyi təqdirdə, türk tərəfinin onu tərəddüdsüz ölkəmizə satacağı isə şübhə doğurmur. Ölkəmiz Türkiyədən "T-129 ATAK" tipli hücum vertolyotu alınmasına da çox maraq göstərir. Xatırladaq ki, Türkiyə və İtaliyanın ortaq layihəsi olan "T-129 ATAK" hərbi helikopterlərinin sürəti saatda 300 kilometrə çatır, hər cür hava şəraitində, gecə və gündüz uçuş həyata keçirə bilir. Helikopter həm də Türkiyə istehsalı olan kompyuter sistemi ilə təchiz edilib. Helikopterin 42 fərqli avionika və silah sistemi Türkiyə şirkətləri tərəfindən istehsal olunur. Ekspertlər bildirir ki, "T-129 ATAK" döyüş helikopterlərinin alınması Azərbaycan hərb aviasiyasını daha güclü hala gətirəcək. Ümumiyyətlə, Azərbaycan aviasiyasının güclənməsində Türkiydən müvafiq hərbi texnika alınmasına daim xüsusi önəm verir. Qarşıdakı dövrdə Türkiyədən yeni hərbi texnikalar alınması artıq gündəmdədir. Elə Türkiyə tərəfi də Azərbaycanla hərbi əməkdaşlığa xüsusi önəm verdiyini açıq bəyan edir. Bütün bunlar hər iki ölkənin mövqelərinin daha güclü hala gəlməsini də təmin edir.
Türkiyənin aparıcı dron istehsalçısı “Baykar Makina”nın “Akıncı” adlı PUA-sı da ölkəmizin diqqət mərkəzindədir. “Baykar Makina” Türkiyə və İraqda bir neçə ildir ki, antiterror əməliyyatlarında, Egey dənizində və Suriyanın şimalında kəşfiyyat və nəzarət üçün aktiv istifadə olunan “TB Egekli” dronları da istehsal edir. Artıq məlumatlar səslənir ki, Azərbaycan yaxın tezlikdə Rusiyanın QLONASS-ı ilə idarə edilən Türkiyənin yeni pilotsuz döyüş aparatlarını ordusunun ixtiyarına verə bilər. Bu isə Azərbaycanın hərbi hava sahəsində üstünlüyünü artırmaqla Ermənistana vurulacaq növbəti zərbə sayılır. Ermənistanın “Politekonomia” araşdırma institutunun siyasi şərhçisi Yervand Bozoyan Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığı ölkəsi üçün ciddi problem adlandırır:“Son iki ilin inkişafları göstərir ki, azərbaycanlıların və türklərin vektorları Ermənistan istiqamətində düzgün, yəni bizim üçün arzuolunmaz istiqamətdə inkişaf edir. Bunun onların son məqsədinə çatmağa yetərli olub-olmayacağına gəlincə, bu artıq fərqli müzakirə mövzusudur. Amma 2016-cı ildəki kimi müharibə gözlənilmədən gələ bilər. Türkiyə də bu zaman bütün dəstəyi ilə Azərbaycanın yanında olacaq”.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.