09/04/2020 10:41
728 x 90

Mütəllibovdan müsahibə götürdüyünü iddia edən erməni jurnalist Çingiz Mustafayevin adı üzərindən yeni Xocalı təxribatlarına başladı - Çingiz Mustafayev Fondu niyə susur...

img

Ermənistan təbliğat maşını Münhen debatında Paşinyanın açıq məğlubiyyətinin əvəzini çıxmaq istəyir. Bunun üçün də müxtəlif yollara əl atırlar. Hətta üçüncü şəxslərin dilindən ağ yalanları belə tirajlamaqdan çəkinmirlər.

Məlum olduğu kimi, Münhendəki debatda Paşinyan Ayaz Mütəllibovun Rusiya nəşrinə verdiyi müsahibəni əsas gətirərək, Xocalı hadisəsinin o vaxtkı müxalifət tərəfindən törədildiyini deyib. İlham Əliyev isə Ayaz Mütəllibovun hazırda sağ olduğunu qeyd edib və bildirib ki, eks-prezident belə bir müsahibəni vermədiyini dəfələrlə deyib.

Ermənistan mediası Ayaz Mütəllibovdan məlum müsahibəni götürdüyünü iddia edən Dana Mazalovanın mövqeyinə yer verib. Xanım jurnalist bildirib ki, Ayaz Mütəllibov həmin sözləri deyib, lakin onun əlində faktı sübut edən kaset qalmayıb. Maraqlıdır ki, Mazalova bu məsələdə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Çingiz Mustafayevin də adını hallandırır. Jurnalist deyir ki, Çingizlə Kislovodskda görüşüblər: “Bir gün sonra mənim Ayaz Mütəllibovla müsahibəm olacaqdı. Mənim A.Mütəllibovla müsahibəm Çingizdən aldığım məlumatlar əsasında olacaqdı. Amma mən onun adını çəkmədim. Fikirləşdim ki, ziyan edər”.

Mazalova bildirib ki, Çingizin çəkdiyi videolar arasında fərqləri görüb: “Ç.Mustafayev mənə fevral ayında çəkdiyi tam video görüntüləri göstərmişdi. Vurğulamaq istəyirəm ki, Çinqiz orada ölənləri çəkən yeganə jurnalist idi. Lakin Çingizin mənə göstərdiyi kadrların indi Azərbaycan tərəfinin bütün dünyaya göstərdiyi və guya onun çəkdiyi deyilən videolarla heç bir əlaqəsi yox idi.

Mustafayevin çəkdiyi birinci videolarda, ümumiyyətlə, belə bir şeylər: nə çılpaq uşaqlar və qadınlar, nə də dəriləri soyulmuş kişilər yox idi. Ancaq onun mənə göstərdiyi ikinci video tam fərqliydi. Orada meyitlər üzərində zorakılıq əlamətləri vardı. İkinci videoda aydın görünür ki, orada Azərbaycan hərbçiləri sərbəst gəzişirlər”.

Bununla jurnalist demək istəyir ki, Xocalı hadisəsində azərbaycanlıların əlinin olması ilə bağlı ilkin faktları o, Ç.Mustafayevdən alıb. Bir növ, demək istəyir ki, Ç.Mustafayev onu ideoloji silahlandırandan sonra Mütəllibovla müsahibəyə gedib. Məlumdur ki, erməni təbliğat maşını istənilən yalana əl atır. Hətta bunun üçün Azərbaycanda xüsusi hörmətə malik olan insanların da adından istifadə edir. Belələrindən biri də Ç.Mustafayevdir. Biz bildiyimizə görə, ölkəmizdə Ç.Mustafayevin adını daşıyan bir fond da fəaliyyət göstərir. Onun qardaşları aktiv fəaliyyətdədirlər. Onda isə niyə bu sərsəm iddiaları cavabsız qoyurlar?

Bizim bu məsələyə aydınlıq gətirmək üçün Ç.Mustafayevin adına Fondla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. İstənilən vaxt onların bu məsələyə mövqeyini dərc etməyə hazırıq.

  • Yadigar Məmmədli: “Çingiz Mustafayevin çəkdiyi kadrlar ermənilərin vəhşiliyini tam sübuta yetirdiyi üçün, onlar daim belə hədyanlar uydururlar”

Media eksperti Yadigar Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ç.Mustafayevin çəkdiyi kadrlar ermənilərin vəhşiliyini tam sübuta yetirdiyi üçün, onlar daim belə hədyanlar uydururlar: “Yaxşı olardı ki, Çingizin adının hallandığı bu məsələyə həm də onun adını daşıyan fonddan bir münasibət bildirilsin. Həmin kadrlar 30 il əvvəl çəkilib və dünya tərəfindən qəbul olunub. Onların yalanlarına çox da fikir verməməliyik. Təbii ki, Çingizin çəkdiklərinə şübhə toxumu səpmək onlara çox lazımdır. Amma biz yolumuza davam etməliyik. Ermənilərin belə hədyanalarını cavabsız da qoymamalıyıq. Xocalı faciəsi ermənilərin necə vəhşiliklər törətdiklərini sübut edən hadisədir. Bunun ən tutarlı sübutu Çingizin çəkdikləridir. Hədəfə məhz Çingizi almaq təsadüfi deyil”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər