Fevralın 10-da Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyasının açılışında iştirak edib.
Yarımstansiyanın kollektivini salamlayan Prezident İlham ƏLİYEV deyib:
-Yeni yarımstansiyanın açılışı münasibətilə sizi təbrik edirəm. “Dübəndi” yarımstansiyası indi bütün yüksək standartlara cavab verir və böyük ərazini elektrik enerjisi ilə qidalandıracaq. Əvvəlki yarımstansiyanın vəziyyəti çox acınacaqlı idi, demək olar ki, sıradan çıxmışdı. Ona görə yeni yarımstansiyanın tikintisi zəruri idi və bunu da “Azərenerji” yüksək səviyyədə təşkil edib. Beləliklə, Azərbaycan əhalisinin enerji ilə dayanıqlı təminatı işində növbəti önəmli addım atılmışdır.
Onu da bildirməliyəm ki, son illər ərzində bu sahəyə çox böyük diqqət göstərilir. Bunun sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər demək olar ki, həllini tapmışdır. Son illərdə bu sahəyə göstərilən diqqət elə vəziyyət yaradıb ki, Azərbaycan artıq enerji təminatçısına çevrilib. Əvvəlki dövrlərdə biz idxaldan asılı idik. İndi isə öz tələbatımızı tam təmin edib hətta ixrac da edirik.