Prezident İlham Əliyev fevralın 20-21-də İtaliyaya rəsmi səfər edəcək. Baki-xeber.com İnterfax-a istinadən xəbər verir ki, bu barədə prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
“İtaliya Azərbaycanın əsas tərəfdaşlarından biridir. Prezident İlham Əliyev əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün fevralın 20-21-də İtaliyaya səfər edəcək", - deyə o, «Agenzia Nova» agentliyinə müsahibəsində bildirib.
Şöbə müdiri Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi layihəsinin həyata keçirilməsində İtaliyanın xüsusi rolunu da qeyd edərək deyib ki, uzun illər ərzində İtaliya hökumətinin dəstəyi olmasaydı, TAP layihəsi mümkün olmazdı.
Prezidentin köməkçisi və İqtisadi məsələlər və innovativ inkişaf siyasətinin şöbəsinin müdiri Şahmar Mövsümov, öz növbəsində, İtaliya mətbuatına müsahibəsində bildirib ki, Prezident Əliyevin İtaliyaya səfəri çərçivəsində fevralın 21-də Azərbaycan-İtaliya biznes forumu keçiriləcək.
O deyib ki, son məlumatlara görə, Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsi təxminən 6 milyard dollar təşkil edib ki, bunun da 5,6 milyard dolları Azərbaycandan ixracın, 400 milyon dolları isə İtaliyadan idxalın payına düşüb. Azərbaycandan əsasən karbohidrogen xammalı ixrac edilib.
Daha əvvəl energetika naziri Pərviz Şahbazova istinadən verilən məlumata görə, 2018-2019-cu illərdə SOCAR İtaliyaya 15,9 milyon ton Azərbaycan nefti, 189 min ton neft məhsulları və 43,7 min ton neft-kimya məhsulları tədarük edib.
Azərbaycanda 113 İtaliya şirkəti qeydiyyatdan keçib. İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 770 milyon dollar, Azərbaycan tərəfindən İtaliya iqtisadiyyatına 1,7 milyard dollar sərmayə yatırılıb.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçəcək. TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. İxracın illik həcmi 10 milyard kubmetr təşkil edəcək.
Layihənin səhmdarları BP (20%), SOCAR (20%), “Snam” (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.
Azərbaycan qazının TAP ilə Avropaya tədarükü 2020-ci ilin üçüncü rübündə gözlənilir.