Böyük Britaniyanın “The London Post” qəzetində fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə dərc edilib.
Secki-2020.az saytının xəbərinə görə, məqalədə Azərbaycanın daha sürətli inkişafının təmin olunması məqsədilə Prezident İlham Əliyevin beşinci çağırış Milli Məclisin buraxılması və parlament seçkilərinin təyin edilməsi haqqında Sərəncamı ilə fevralın 9-da ölkədə parlament seçkilərinin keçiriləcəyi bildirilir.
Yazıda bildirilir ki, bu seçkilər Azərbaycanın müstəqilliyinin ilk illərindən ölkədə Heydər Əliyev tərəfindən həyata keçirilmiş demokratik və siyasi islahatların bir hissəsidir. Hazırda bu siyasi islahatlar Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məqalədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun seçkilərə hazırlıq prosesi ilə bağlı fikirlərinə də istinad edilir. Parlament seçkilərini çoxsaylı yerli və xarici müşahidəçilərin izləyəcəyi diqqətə çatdırılır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyalarının da seçki prosesini yaxından izləyəcəkləri vurğulanır.
Rumıniyanın nüfuzlu “News24hours” xəbər portalı isə AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqaləsini yayıb. Secki-2020.az saytının xəbərinə görə, yazıda seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən namizədlərə bütün lazımi şəraitin yaradıldığı vurğulanır.
Müəllif bu seçki prosesinin ölkədəki siyasi sabitliyə, iqtisadi islahatların davam etməsinə və ümumilikdə, demokratik sistemin daha da güclənməsinə töhfə verəcəyinə əminliyini diqqətə çatdırır.
Məqalədə, həmçinin seçkiləri izləmək üçün çox sayda yerli və xarici müşahidəçinin akkreditasiyadan keçdiyi vurğulanır.